Bilateral Kəskin Makulyar Neyroretinopatiya
17 yaşlı sağlam oğlan 5 günlük qripə bənzər xəstəlikdən sonra yaranan, görməsində 2 gündür davam edən, bilateral, parasentral “kölgələr” şikayəti ilə müraciət etdi. Görməsinin hər iki gözdə saxlanılmasına baxmayaraq (1.0), Amsler kartı bir neçə bilateral parasentral skotomaların mövcudluğunu təsdiqlədi.
Göz dibi müayinəsində, spektral-domain optik koherens tomoqrafiyada (SD-OKT) göründüyü kimi perifoveal hiperreflektiv və qalınlaşmış xarici nüvəli qatla (XNQ) əlaqəli ayrı piqmentli perifoveal zədələnmiş hissələr aşkarlandı. Bu nəticələr onun keçirdiyi xəstəliklə birgə kəskin makulyar neyroretinopatiya (KMN) diaqnozu ehtimalını düşündürdü. Nazofaringeal yaxmada çox vaxt KMN ilə əlaqəli olan influenza B müəyyən olundu. Onda həmçinin yanaşı şəkildə A qrup Streptokokk faringiti də var idi, lakin bu KMN ilə əlaqəli olmur.
2 həftə ərzində zədələnmiş hissələr, xüsusən infraqırmızı əksetdirmə müayinəsində (İƏ) daha aydın göründülər. İƏ şəkilləri, SD-OKT-dəki qalınlaşmış XNQ ellipsoid və interdigitasiya zonalarındakı fokal pozulmaya uyğun olan KMN-ə (şəkil 1A, 2A) xas tünd ləçəkşəkilli perifoveal zədələnmiş hissələri göstərirdi (oxlar, şəkil 1B,2B).
4 aylıq müşahidədən sonra xəstənin görmə şikayətləri davam edirdi və SD-OKT-də xarici retinal qatların nazilmə sahələri qeyd edilirdi.
EyeNet. March, 2021.
Tərcümə etdi: Dr. Pərvin Ağayeva