İnfeksion sklerit

73 yaşlı kişi sol gözündə 2 həftədir davam edən və topikal antibiotiklərlə keçməyən ağrı ilə müraciət etmişdi. O, 5 il əvvəl hər iki gözündə pterigiumun eksiziyası əməliyyatı olunub və əməliyyat zamanı mitomisin-C (MMC) tətbiq edilib.

Ən yaxşı korreksiya olunan görmə itiliyi sol gözdə 0.05 idi. Yarıqlı lampa müayinəsində nazal hissədə geniş ölçülü skleral incəlmə və nekroz aşkarlandı. Xəstə geniş spektrli intravenoz və topikal antibiotiklər başlamaq üçün stasionara qəbul edildi. Yaxma götürülərək əkildi və nəticə Psevdomonasa görə müsbət oldu. Xəstə qəbuldan 1 gün sonra cərrahi debridman, “Amnio-Guard” (bio-toxuma) ilə yamaq qrefti və çoxqatlı amniotik membran transplantasiyası üçün əməliyyatxanaya aparıldı. Oral və topikal antibiotiklər davam etdirildi və infeksiya növbəti həftələrdə sağaldı.

Sklerit hallarının 10 %-dən az bir hissəsi infeksiyaya bağlı olur, infeksion etiologiyadan ən çox rast gəlinəni isə Psevdomonasdır1. Bu vəziyyət üçün risk faktorları əvvəllər həyata keçirilmiş və həddindən artıq koterizasiya tətbiq edilmiş, həmçinin MMC istifadə olunmuş  pterigium cərrahiyyəsidir.

1. Ramenaden ER, Raiji VR. Klinik Oftalmol. 2013;7:2113-2122.

EyeNet. February, 2021.

 

 Tərcümə etdi: Dr. Pərvin Ağayeva

pervin.guluzadeh@gmail.com