Oftalmoloji toplantılarla zəngin dekabr ayı

03 Dekabr 2022-ci il tarixində Lənkəranda keçirilən Azərbaycan Retinoloqlarının VII Konfransından sonra dekabr ayının 16-sı Naxçıvan Mərkəzi Xəstəxanasında Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin X Regional Konfransı baş tutdu. Konfransın keçirilməsində əsas məqsəd oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək və ən son yeniliklərin tətbiqində region həkimlərinin iştirakını təmin etməkdən ibarət idi.

Konfransda Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin sədri Dr. Emin Əlihüseynli “Adenovirus keratokonyunktivitlərinin müalicəsi: problemlər və həll yolları” adlı məruzə ilə çıxış etdi.

Məruzə iştirakçıların marağına səbəb oldu və problem ətrafında fikir mübadiləsi həyata keçirildi. Naxçıvan konfransı istər elmi, istərsə də maraqlı sosial proqramı ilə oftalmoloqların xatirəsinə əbədi olaraq həkk olundu.

23-24 dekabr 2022-ci il tarixlərində isə Azərbaycan Tibb Univresitetinin Tədris Cərrahiyyə Klinikasında tibb universitetinin oftalmologiya kafedrasının yaranmasının 100 illiyinə, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü professor Ümnisə xanım Musabəylinin 120 illiyinə və Əməkdar elm xadimi Zəhra Quliyevanın 100 illiyinə həsr olunmuş, yubileylərlə yadda qalacaq beynəlxalq elmi-praktik konfrans keçirildi. İki gün davam edən konfransda yerli oftalmoloqlarla yanaşı, Türkiyə və Rusiya, Finlandiya və digər ölkələrdən mütəxəssislər də iştirak edirlər.

Dr. Emin Əlihüseynli konfransda “Sumqayıt şəhərində yaşayan uşaqlar arasında refraksiya qüsurlarının yayılma tezliyi” adlı tədqiqatın məruzəsini iştirakçıların diqqətinə təqdim etdi.

Tibb Universitetinin oftalmologiya kafedrasının müdiri, dəyərli müəllimimiz  Professor Paşa Musayev Qəlbinur konfransla bağlı fikirlərini bölüşərək dedi:
– Milli oftalmologiya elminin 100 illiyi tamam olur. Azərbaycan Tibb İnstitutunda 100 il bundan öncə yaradılan kafedranın təkamül yolu Avropanın keçdiyi inkişafa uyğun olub. Bu gün oftalmoloqlarımız müasir tədqiqatlara, müalicə üsullarına malikdirlər və dünyanın müxtəlif ölkələrində düzənlənən elmi toplantılarda çıxışlar edir, yüksək reytinqli dərgilərdə əsərlərini çap etdirirlər. Bunun üçün biz müəllimlərimiz Ümnisə Musabəyliyə, Zərifə Əliyevaya, Zəhra Quliyevaya borcluyuq. Çünki onlar Azərbaycan oftalmologiyasını inkişaf etdirərək bugünkü səviyyəyə çatdırıblar.