Qlaukoma – Sual 2

Yichieh Shiuey, MD
Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School

Şəkil 1
Baerveldt və Molteno qlaukoma implantasion şuntları.

Şəkil 2
Bəbək nahiyyəsində Əhməd qlaukoma implantatının ucluğu görünür.

Suallar və cavablar
1. Seton sözünün mənası nədir?
Cavab:

Seton latın sözü “seta”-dan yaranaraq, mənası “cod tük” deməkdir. Stedman Tibb Lüğətinin (Williams and Wilkins, 1990) 25-ci nəşrinə əsasən “dərialtı toxuma və ya sistdən keçməklə sinus və ya fistula yaratmaq üçün istifadə olunan hər hansı yad cisim və ya məftil şəkilli material seton kimi istifadə olunur”. Setonlar qlaukomanın müalicəsində göz daxili mayenin drinajı üçün alternativ yol yaratmaq məqsədi ilə tətbiq olunur.

2. Qlaukomanın müalicəsində müasir setonlar (qlaukoma implantatları) necə istifadə olunurlar?
Cavab:

Müasir qlaukoma implantatlarının iş prinsipi göz daxili mayenin ön kameradan xüsusi boru vasitəsi ilə distal rezervuara ötürməkdən ibarətdir. Rezervuarı əhatə edən qan və limfa damarları ora toplanmış mayenin ümumi qan dövranına qatılmasına imkan yaradırlar.

3. Seton cərrahiyyəsi üçün hansı göstərişlər mövcuddur?
Cavab:

Seton cərrahiyyəsi standart filtrasion trabekulektomiya cərrahiyyəsinə tabe olmayan və ya bu əməliyyat həyata keçirildikdən sonra müvəffəqiyyətsizliklə müşahidə olunan hallarda tətbiq olunur. Bu məqsədlə Molteno, Baerveldt, Krupin, Schocket, və Əhməd implantatlarından istifadə olunur. Seton cərrahiyyəsi üçün əsas göstəriş Sturge-Weber sindromu, dural-kavernoz fistulaları ilə əlaqədar, həmçinin neovaskulyar qlaukomalardır.

4. Seton cərrahiyyəsi üçün alternativ hansı qlaukoma cərrahiyyəsi növləri mövcuddur?
Cavab:

Filtrasion cərrahi əməliyyatlara tabe olmayan qlaukomalar zamanı seton cərrahiyyəsinə alternativ metod kimi antimetabolitlərin  (mitomisin və / və ya 5-fluorourasil) istifadəsini misal göstərmək olar. Qlaukomanın idarə olunması məqsədi ilə siklodestruktiv əməliyyatlar da tətbiq edilir, ancaq nəzərdən qaçırmaq olmaz ki, bu əməliyyatlardan sonra göz almasının subatrofiyası və ya simpatik oftalmiya inkişaf edə bilər.

5. Seton cərrahiyyəsinin mümkün ağırlaşmaları hansılardır?
Cavab:

Seton cərrahiyyəsinin əsas ağırlaşmalarına erkən post-operativ hipotoniya, xoriodal qanaxma, implantatın bayıra çıxması, yaranın sızması, borucuğun tutulması və endoftalmitləri misal göstərmək olar.

Cavablara bax