8 dekabr 2023-cü il tarixində Naxçıvan şəhərində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Xll Regional Konfransı keçirildi.
8 dekabr 2023-cü il tarixində Naxçıvan şəhərində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Xll Regional Konfransı keçirildi. Konfransdan öncə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin İdarə heyətinin üzvləri Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərək, heykəli önünə əklillər qoydular və ulu öndərin xatirəsinə həsr olunmuş muzeyi ziyarət etdilər.
Konfransın keçirilməsində əsas məqsəd müasir oftalmologiyada daim baş verən yenilikləri, aktual məsələri müzakirə etmək, region həkimlərinin iştirakına və inkişafına dəstək olmaqdan ibarətdir.
Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm-xadimi, Prof. Elmar Qasımov iştirakçıları salamlayaraq konfransı açıq elan etdi və Zərifə Əliyevanın zəngin elmi irsinin dünya oftalmologiyasına verdiyi mühüm töhfələrdən, misilsiz xidmətləri və oftalmologiya elminin inkişafındakı müstəsna rolu barədə geniş məlumat verdi.
Daha sonra Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya mərkəzinin direktor müavini t.e.d. Hicran Namazova, Naxçıvan Muxtar Respublikası Xəstəxanası direktoru Fəhruz Zehirov da konfransda çıxış etdilər.
Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin sədri və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Gənc Oftalmoloqlar Komitəsinin koordinatoru Dr. Emin Əlihüseynli “Gənc oftalmoloqların professional inkişafında perspektivlər, beynəlxalq resurslar, problemlər və həll yollarının axtarışı” mövzusunda məruzə etdi. Həmçinin, 24-25 noyabr 2023-cü il tarixlərində keçirilmiş XV Azərbaycan Gənc Oftalmoloqlar Konfransı və Azərbaycan Gənc Oftalmoloqlarının I Forumu barədə video materialı konfransda nümayiş etdirdi.
Konfrans T.e.d. Hicran Namazova, t.ü.f.d. Rühəngiz Balayeva, t.ü.f.d. Yazgül Abdıyeva, dr. Ceyhun Nəzərli, t.ü.f.d. Rəfadar Xəlilov, t.ü.f.d Polad Məhərrəmov, Dr. Emin Əlihüseynlinin, Dr. Kəmalə Əliyevanın moderatorluğu ilə həyata keçirildi və “Oftalmologiyada onkoloji sayıqlıq”, “Eksimer Lazer cərrahiyyəsinin oftalmotonometrik göstəricilərinə təsiri”, “Gənc oftalmoloqların professional inkişafında perspektivlər, beynəlxalq resurslar, problemlər və həll yollarının axtarışı”, “Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 2023-cü il üzrə illik fəaliyyət proqramı”, “Neft sənayəsi işçilərində göz xəstəlikərinin yayılması və klinik-immonoloji xüsusiyyətləri”, “Azerbaycanda qohum nikahlardan doğulmuş uşaqlarda piqmentli retinit xəstəliyinin xüsusiyyətləri”, “Naxçıvan MR da Diabetik retinopatiyanın yayılma tezliyi” və s. mövzular üzrə məruzələr konfrans iştirakçılarının diqqətinə çatdırıldı.
Konfrans iştirakçılar tərəfindən yüksək qiymətləndirildi. Sonda suallar və təkliflər səsləndirildi.