Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyi (MOİYB) dünyada gənc oftalmoloqlar tərəfindən yaradılmış ilk və yeganə təşkilatdır. Təşkilatımız yarandığı gündən görmənin qorunması və korluqla mübarizə, oftalmoloji təhsilin artırılması, həmçinin beynəlxalq oftalmoloji təşkilatlarla əməkdaşlığa böyük önəm verir. Bundan əlavə ölkəmizdə müasir oftalmologiya elminin nailiyyətlərinin təbliğ və tətbiq edilməsi MOİYB–nin ümdə məqsədlərindəndir.

2006-cı ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçən MOİYB öz fəaliyyətini Beynəlxalq Oftalmologiya Şurasının Etik Komitəsi tərəfindən qəbul edilmiş “Ofatalmoloqlar üçün Etik Kod” əsərini azərbaycan dilinə tərcümə edərək, onu oftalmoloqlarımız arasında yaymaqla başladı. Tərcümə üçün Etik kodun seçilməsi heç də təsadüfi olmadı. Məhz beynəlxalq etik prinsip və standartların tərcümə olunaraq oftalmoloqlarımız arasında paylanması onların beynəlxalq standartlarla tanış edilməsində ilk addım idi. Etik Kodun yayılması həm çap materialı şəklində, həm də beynəlxalq şəbəkədə yerləşdirilməklə həyata keçirildi.

Tərcümə fəaliyyətinin davamı olaraq beynəlxalq oftalmologiya ictimaiyyəti arasında yüksək qiymətləndirilən, Amerika Oftalmologiya Akademiyası tərəfindən qəbul edilmiş “Benchmark” tövsiyyələrinə əsaslanan və Beynəlxalq Oftalmologiya Şurası tərəfindən tərtib olunmuş “Beynəlxalq Klinik Tövsiyyələr” ana dilimizə tərcümə edilərək elektron formatda oftalmoloqlarımız arasında yayıldı.

Qürurlandırıcı faktdır ki, ana dilimizə tərcümə olunmuş Oftalmologiyanı Öyrənən Tələbələr üçün Vəsait  ingilis,fransız, ispan, ərəb və çin dillərində olan materiallarla yanaşı Beynəlxalq Oftalmologiya Şurasının saytında yerləşdirilmiş və tərcümə fəaliyyətimiz Beynəlxalq Oftalmologiya Şurası tərəfindən yüksək qiymətləndirilərək,  “ICO Notes” aylıq dərgisinin 2009-cu il sentyabr nömrəsində gördüyümüz işlərə böyük önəm verilmişdir.

2007-ci ildən etibarən Beynəlxalq Oftalmologiya Şurasının  Məşvərətçi Komitəsi (ICO Advocasy Committee) bütün dünyada korluqla mübarizə məqsədi ilə yeni proqram qəbul etdi. MOİYB bu proqram çərçivəsində fəaliyyət göstərmək üçün seçilmiş 45 təşkilatdan biri oldu.

Təşkilatımız təsis olunduğu gündən görmənin qorunması və korluğun qarşısının alınması məqsədi ilə əhali arasında müxtəlif profilaktik və maarifləndirici tədbirlər həyata keçirirdi. MOİYB Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Korluqla Mübarizə Agentliyin birgə səyi nəticəsində qəbul edilmiş “Görmə-2020: Gormə Hüququ” təşəbbüsünün prinsipləri əsasında fəaliyyət göstərən və onun barəsində həkimlərimizi məlumatlandıran ilk təşkilatdır. Tədbirlərimiz əsas etibarı ilə Sumqayıt əhalisi arasında həyata keçirilirdi.

2008-ci ilin əvvəllərində MOİYB Amerika Oftalmologiya Akademiyası tərəfindən hazırlanmış Oftalmoloji Təhsil və Yeniliklər Şəbəkəsinin (Ophthalmic News & Education – O.N.E. Network) bütün dünyada, xüsusi ilə də inkişaf etməkdə olan ölkələrdə çalışan oftalmoloqlar üçün təmənnasız olması naminə sorğuda iştirak edən məsləhətçi təşkilatlardan biri oldu. Amerika Oftalmologiya Akademiyası və Beynəlxalq Oftalmologiya Şurasının birgə təşəbbüsü ilə 2008-ci ildən etibarən dünyanın 60 müxtəlif ölkəsində fəaliyyət göstərən təşkilatlar, həmçinin bizim təşkilat “Nəzəri və Klinik Biliklər üzrə Kurs” (Basic and Clinical Science Course – BCSC) təhsil materialları ilə təmin edilməyə başladı. Qeyd edilən materiallar Milli Oftalmologiya Mərkəzinin, ATU-nun Oftalmologiya kafedrasının və digər rezidentura mərkəzlərinin kitabxanalarına göndərilmişdi. Materiallar gənc oftalmoloqlarımızın təhsilinin təkmilləşdirilməsi naminə istifadə edilir.

Qürurla qeyd etmək istərdim ki, 28 iyun-02 iyul 2008-ci il tarixlərində Honq Konqda keçirilən 31-ci Ümumdünya Oftalmologiya Konqresində (World Ophthalmology Congress – WOC) ilk dəfə ölkəmizi təşkilat səviyyəsində təmsil edən məhz MOİYB oldu. Təşkilatımız konqres dövründə keçirilən Beynəlxalq Oftalmologiya Şurasının Baş Məclisində dünyada analoqu olmayan gənc və proqressiv oftalmoloqlar tərəfindən yaradılmış ilk oftalmoloji təşkilat kimi Beynəlxalq Oftalmologiya Şurasına üzv seçildi.

Dünya oftalmologiyası üçün mötəbər bir tədbirdə Azərbaycanın gənc oftalmoloqları tərəfindən yaradılmış bir təşkilatın Beynəlxalq Oftalmologiya Şurasına üzv seçilməsi tək MOİYB-nin deyil, bütövlükdə oftalmologiyamızın və bizim müəllimlərimizin uğuru idi. Bununla yanaşı konqres zamanı MOİYB “Dünya Oftalmologiyasında Liderlik Qabiliyyətinin Inkişafı üzrə Dəyirmi Masa” (World Ophthalmology Roundtable in Lidership Development-WORLD), “Dünya Oftalmoloji Təhsil Kollokviumu” (World Ophthalmic Education Colloquium-WOEC), Amerika Oftalmologiya Akademiyasının – Oftalmoloji Təhsil və Yeniliklər Şəbəkəsinin (Ophthalmic News & Education Network-O.N.E.) təhlili üzrə toplantılarında və bir sira digər oftalmo-ictimai tədbirlərdə ölkəmizi qürurla təmsil etmişdi.

Təşkilatımız 2010-cu ildə Berlində, 2012-ci ildə Abu-Dabidə, 2014-cü ildə Tokioda və 2020-ci ildə virtual formatda keçirilən Dünya Oftalmologiya Konqresində iştirak etmiş, Azərbaycan oftalmologiyasının nailiyyətlərini, həmçinin yeniliklərini dünya oftalmoloji ictimaiyyətinə çatdırmışdı.

2009-cu ildə www.admo.org.az  saytı  MOİYB –nin fəaliyyətinin ən maraqlı dövrü oldu. Biz saytımızı 2009-cu ilin əvvəllərində oftalmoloqlarımıza təqdim etməklə, onu oftalmologiyanı özü üçün həyat fəlsəfəsi seçən, gözə xüsusi dəyər verən, həmçinin görmənin sirlərinə valeh olan və onun vacibliyini anlayan hər kəsə təqdim etməkdən çox məmnun olduq. Oftalmoloqlarımız bizim saytı ziyarət edərkən özləri üçün maraqlı, dəyərli və vacib informasiyanı əldə edərək, bizim saytın daimi qonağına çevrilmişdilər.

Hər il Beynəlxalq Oftalmologiya Şurası bütün dünyada oftalmologiya üzrə nəzəri və klinik biliklərini qiymətləndirilmək üçün oftalmoloqlara “ICO Exams” imtahanlarında iştirak etmək imkanı yaradır. 2009-cu ilin ortalarında MOİYB Azərbaycanda  “ICO Exams” imtahanının keçirilməsi üzrə koordinator təşkilat seçildi. Bununla da oftalmoloqlarımıza xaricə getmədən, məhz ölkəmizdə beynəlxalq statusa malik imtahanda iştirak etmək şansı təmin olundu və 15 aprel 2010-cu ildə Nəzəri və Klinik Biliklərin Qiymətləndirilməsi imtahanı ilk dəfə Azərbaycanda keçirildi. İmtahan Sumqayıt şəhərində bir nəfərin iştirakı ilə baş tutdu. O vaxtdan etibarən mütəmadi olaraq imtahanlar hər il keçirilir. İstər imtahanlarda iştirak edən, istərsə də imtahanlardan yüksək bal toplayaraq uğur qazanan oftalmoloqlarımızın sayı ilbəil artmaqdadır.  Gənc oftalmoloqlarımızın ingilis dilində keçirilən və dünya standartlarına cavab verən imtahanda uğur qazanması ölkəmizin oftalmologiyasının böyük uğurudur.

2010-cu il 31 mart-1 aprel tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində Beynəlxalq Oftalmologiya Şurasının təşkilatçılığı ilə Ofatlmoloji Təhsil üzrə Proqram Rəhbərləri üçün Kurs keçirildi. Azərbaycanı tədbirdə Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyi təmsil edirdi.

2011-ci ildə təşkilatımız Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqə əsasında qrant udaraq “Uşaq evlərində olan uşaqların göz xəstəliklərilə əlaqədar müayinəsinin təşkili” layihəsini həyata keçirmişdir.

2012-ci ildə MOİYB tərəfindən Facebook-da yaradılan və bu gün də ölkəmizin ən böyük oftalmoloji qrupu olan “Oftalmologiya by ADMO Union” oftalmoloqlarımız arasında fikir mübadiləsi keçirməyə, müxtəlif məlumatları paylaşmağa, yenilikləri bölüşüb, mütəmadi olaraq oftalmoloqlarımızı məlumatlandıran on-line platformadır. Oftalmologiya qrupuna yalnız həkim oftalmoloqlar qəbul olunur.

2013-cü ildən MOİYB Amerika Oftalmologiya Akademiyası və Avropa Oftalmologiya Cəmiyyətinin ortaq layihəsi olan həftəlik on-line “Academy Express”- Avropa nəşrini azərbaycanlı oftalmoloqlar arasında yayılmasında iştirak etdi. Təşkilatımızın dəstəyi ilə on-line dərgidə oftalmoloqlarımızın tədqiqatları və məqalələri dərc olunmuşdu.

31 may 2014-cü il tarixdə Bakıda Türkiyə oftalmologiyasının canlı əfsanəsi, bir çox oftalmoloji kitabların və elmi məqalələrin müəllifi olan Prof. Pinar Aydının moderatorluğu ilə “Elmi Məqalənin Yazilmasi Üzrə Nəzəri və Praktik Kurs” keçirildi. Qeyd etmək istərdim ki, Prof. Pinar Aydın nəinki Türkiyədə, eləcə də beynəlxalq oftalmologiyada böyük nüfuza malik şəxsdir. Bu kurs Bakıda keçirilənə qədər dünyanın müxtəlif ölkələrində çalışan oftalmoloqların diqqətinə təqdim edilmişdi. Oftalmoloqlarımızın kursda aktiv iştirakı Prof. Pinar Aydın tərəfindən yüksək qiymətləndirilmişdi.

2014-2015-ci illərdə təşkilatımız “Oftalmo-News” on-line dərgisini oftalmoloqlarımıza təqdim etdi. On-line dərgidə gənc oftalmoloqlarımız öz təcrübəsi ilə bölüşür, maraqlı klinik hallar barədə məlumatlar yerləşdirir, həmçinin dünya oftalmologiyasında baş verən ən son yeniliklər barədə məlumat paylaşılırdı.

2015-ci il dekabr ayının 13-də Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin sədri Dr. Emin Əlihüseynli İranın paytaxtı Tehranda Beynəlxalq Oftalmologiya Şurası və İran Oftalmologiya Cəmiyyətinin birgə həyata keçirdiyi “Oftalmoloji Təhsil Bacarıqlarının Sirləri” adlı seminarda iştirak etmişdi. Tədbirdə iranlı oftalmoloqlarla yanaşı Avropa, Yaxın Şərq və ABŞ-dan olan oftalmoloqlar da iştirak edirdilər. Seminar zamanı oftalmoloji təhsil problemlərini əhatə edən müxtəlif mövzular müzakirə edilmişdi.

2015-2020-ci illərdə MOİYB gənc oftalmoloqlarımızın inkişafı, həmçinin oftalmologiya sahəsində müxtəlif faydalı resurslardan oftalmoloqlarımızın yararlana bilməsi üçün dünyanın müxtəlif oftalmoloji təşkilatları ilə əməkdaşlıq müqavilələri imzalamışdı.

2016-cı il yubileylərlə ilə zəngin bir il oldu. Beləki, Türk Cümhuriyyətləri Oftalmologiya Cəmiyyətinin yaradılmasının (TCOD) 15 illiyi, TCOD Gənc Oftalmoloqlar Komitəsinin təsis edilməsinin 5 illiyi, Azərbaycan Gənc Oftalmoloqlar Qurultayının 10-cu il dönümü və Türkiyə Oftalmologiya Cəmiyyətinin 50-ci Milli Konqresi məhz bu ilə təsadüf etdi. Eləcə də 2006-cı ildə Azərbaycanda və dünyada gənc oftalmoloqlar tərəfindən təsis edilmiş ilk və yeganə oftalmoloji təşkilat olan Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyi (MOİYB) də 10 yaşını qeyd etdi.

Təşkilatın 10 illiyi münasibətilə bir sıra fəxri adların verilməsi qərara alındı. Bunlar arasında isə ən önəmlisi yəqin ki, “Gənc Oftalmoloqların Dostu” fəxri adı oldu. Son 10 ildə gənclərə göstərdiyi diqqətə və dəstəyə görə TCOD sədri Dr. Sunay Duman “Gənc Oftalmoloqların Dostu” fəxri adına layiq görüldü.

Gənc oftalmoloqların dostu, müasir oftalmologiyanın, gələcəyin dostu deməkdir. Sunay xanım gənclərə etimad göstərdi, onlara inandı. Gənclərin inkişafı naminə yorulmadan zaman və enerji sərf edib türk cümhuriyyətlərinin oftalmologiyasına böyük və qiymətsiz bir yatırım qoydu. Gənclər də onun əziyyətini cavabsız qoymadılar, çünki gənclərin TCOD-a qoşulması ilə təşkilat ikiqat inkişaf etdi.

Fəxri ad plaket şəklində 12 noyabrda, Antalyada, Maxx Royal Hotelində keçirilən 50-ci Milli Konqres zamanı MOİYB-nin və TCOD Gənc Oftalmoloqlar Komitəsinin sədri Dr. Emin Əlihüseynli tərəfindən bütün türk cümhuriyyətləri gənclərinin adından Sunay xanıma təqdim edildi.

2021-ci ildə təşkilatımız yeni veb saytını təqdim etdi. www.admounion.org.az saytı yeni məlumatlarla daha zəngin və İT texnoloji xüsusiyyətlərinə görə daha təkmil saytdır.

Təşkilatımız yarandığı gündən yaradıcı potensiala malik kreativ gənc oftalmoloqlarla işləməyə böyük önəm vermiş, onların faydalı ideyalarını hər zaman yüksək qiymətləndirərək dəstəkləmişdir. Məhz onlara olan etibar və güvənc sayəsində fəaliyətimizdə uğurlar əldə etmişik.

Biz bu gün də öz təməl prinsiplərimizə sadiq qalaraq ölkəmizdə müasir oftalmologiyanın inkişafında yeni fikirləri olan yaradıcı gəncləri öz sıralarımızda görməyə, həmçinin onların yeni ideya və təkliflərini hər zaman böyük həvəslə dinləməyə hazır olduğumuzu bildirirk.