Elmi araşdırmaların aparılması

Hal-hazırda dünyada oftalmologiya və görmə sahəsində tədqiqatları dəstəkləyən üç böyük təşkilat fəaliyyət göstərir.

Bu təşkilatlar arasında ən çox üzvü olan və baş ofisi ABŞ-da yerləşən Görmə və Oftalmologiya üzrə Tədqiqat Assosiasiyasıdır (Association for Research in Vision and Ophthalmology -ARVO). Bu təşkilatlar oftalmogiyanın bütün sahələri, həmçinin görmənin biologiyasını, biokimyasını və digər xüsusiyyətləri üzrə həyata keçirilən müxtəlif tədqiqatları dəstəkləyirlər. Görmə və Oftalmologiya üzrə Tədqiqat Assosiasiyası (ARVO) gənc oftalmoloqlara oftalmologiya və görmə sahəsində tədqiqatların həyata keçirilməsi üzrə müxtəlif qrantlar ayırır. ARVO səyahət qrantı proqramının əsas məqsədi oftalmologiya və ya görmə sahəsində əhəmiyyət kəsb edən tədqiqatlarla məşğul olan və öz tədqiqatlarının nəticələrini ARVO-nun illik toplantısında təqdim etmək üçün seçilmiş  tədqiqatçıların səhayət haqqını hissəvi ödəməkdən ibarətdir. Bu proqram həmçinin tədqiqatçılara öz araşdırmalarının nəticələrini həmin sahə üzrə mütəxəssislərlə müzakirə etmək üçün əvəzolunmaz imkan yaratmış olur.

Oftalmoloji tədqiqat Beynəlxalq Oftalmologiya Şurası (BOŞ) tərəfindən də geniş dəstəklənir. Beləki, 2002-ci ildə BOŞ tərəfindən qəbul edilmiş “Qlobal Korluqla Mübarizə üzrə Tədqiqat Gündəliyi” adlı sənəd hazırlandı. Sənəd katarakta, traxoma, onxosersiaz, kseroftalmiya, qlaukoma, yaşla əlaqədar makulyar degenerasiya, diabetik retinopatiya, uşaq korluğu və refraksiya qüsurları barədə tədqiqat üzrə tövsiyyələrdən ibarət plandan ibarətdir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Beynəlxalq Oftalmologiya Şurası (BOŞ) tərəfindən hazırlanmış “Qlobal Korluqla Mübarizə üzrə Tədqiqat Gündəliyi”ni (Research Agenda for Global Blindness Prevention) 2003-cü ildə təsdiq edərək , “Qlobal Oftalmoloji Tədqiqatın İmkanları” (Opportunities in Global Eye Research) adlı məruzə hazırladı.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanmış məruzədə bir sıra tövsiyyələr yer almışdır:

  • BOŞ tərəfindən hazırlanmış tədqiqat planı inkişaf etməkdə olan ölkələrdə təsadüf edilən vacib və ya təxirəsalınmaz vəziyyətlər (refraksiya qüsurları və diabetlə əlaqədar göz xəstəlikləri) daxil olmaqla qəbul edilsin.
  • Görmə qüsurları və korluğun yayılmasını və səbəblərini araşdırmaq məqsədi ilə  oftalmo-epidemiologiya və cərrahiyyə sahəsində həyata keçirilən tədqiqatların davam etdirilməsi təmin edilsin.

“Qlobal Korluqla Mübarizə üzrə Tədqiqat Gündəliyi” (Research Agenda for Global Blindness Prevention)“Qlobal Oftalmoloji Tədqiqatın İmkanları” (Opportunities in Global Eye Research) hazırda yalnız ingilis dilindədirlər və azərbaycan dilinə tərcümə ediləcəklər.