Türk dilini bilənlər üçün “ICO Fellowship” proqramı

Beynəlxalq Oftalmologiya Şurasının (BOŞ) təklif etdiyi “ICO Fellowship” qrant proqramı inkişaf etməkdə olan ölkələrdə çalışan oftalmoloqlara dünyanın aparıcı oftalmoloji mərkəzlərində təcrübə keçmək imkanı yaradır. Seçım turunda Beynəlxalq Oftalmologiya Şürasının imtahanlarından (ICO Exams) müvəffəqiyyət əldə etmiş oftalmoloqlara xüsusi üstünlüklər verilir. “Fellowship” proqramına seçilmiş şəxs təcrübə keçdikdən sonra mütləq yaşadığı ölkəyə qayıtmalıdır.

Bu proqramda iştirak etmək istəyən oftalmoloqlar mütləq ingilis dilini bilməlidirlər. Ancaq elə oftalmoloqlarımız var ki, ingilis dili səviyyəsi proqramda iştirak etməyə imkan vermir. Belə olan halda türk dilini bilən oftalmoloqlar üçün Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Başkənt Universitetinin Oftalmologiya kafedrasında Prof. Dr. Gürsəl Yılmazın koordinatorluğu ilə“Fellowship” proqramında iştirak etmək şansları var. Bu proqram Türk Cümhuriyyətləri Oftalmologiya Dərnəyinin (TCOD) və Beynəlxalq Oftalmologiya Şurası arasında 2013-cü ilin aprel ayında imzalanmış müqavilə əsasında həyata keçirilir və TCOD ölkələrində yaşayan və türkcə bilən oftalmoloqlar üçün nəzərdə tutulub.

“Fellowship” proqramında iştirak üçün ərizələr ildə iki dəfə qəbul edilir. Ərizələr hər il 31 mart və 30 sentyabr tarixlərinədək göndərilməlidir.

Uyğunluq:

  • Rezidentura təhsili tamamlanmış olmalıdır;
  • Rezidentura imtahanını müvəffəqiyyətlə keçmiş olmalıdır;
  • Namizədin yaşı 40-dan aşağı olmalıdır;
  • Proqramda iştirakdan sonra mütləq vətəninə geri dönməli və proqramda əldə etdiyi bilik və bacarığı məsləkdaşlarıyla bölüşməlidir;
  • “ICO Exams” imtahanlarında uğur əldə etmiş şəxslər seçim turunda üstünlük əldə edəcəklər.

Daha ətraflı məlumat üçün Türk Cümhuriyyətləri Oftalmologiya Dərnəyinin (TCOD) rəsmi veb saytını ziyarət edin.

“Fellowship” proqramı adətən 3 ay davam edir. Ancaq bəzən bu müddət uzadıla bilər. Təcrübə keçdiyi müddət ərzində iştirakçı bunun üçün heç nə ödəmir.

“Fellowship” proqramında iştirak etmiş oftalmoloqlar əldə etdiyi bilik və bacarıqları ilə doğma ölkələrinə qayıtmalı və görmənin qorunması, həmçinin korluğa qarşı mübarizədə fəal iştirak etməlidirlər.

3 ay davam edən “Fellowship” proqramı oftalmoloqlara həm ümumi oftalmologiya, həm də oftalmologiyanın müxtəlif ixtisasları üzrə təcrübə keçmək imkanı yaradır.