Açıq Tibb İnstitutu (ATİ) – Seminarları üçün qrant proqramı

Açıq Tibb İnstitutu (ATİ) – tibb mütəxəssisləri üçün nəzərdə tutulmuş beynəlxalq təşəbbüs olub, əsas məqsədi təhsilin artırılması vasitəsi ilə qlobal miqyasda səhiyyənin səviyyəsinin yüksəldilməsidir. Proqram 1993-cü ildə Amerika Avstriya Fondu tərəfindən Weill Cornell  Tibb Kolleci ilə sıx əməkdaşlıq sayəsində təsis edilib. Təsis olunduğu vaxtdan indiyədək ABŞ və Avropanın aparıcı tibb müəssisələri bu təşəbbüsə qoşularaq, yüksək professionalizmə sahib mütəxəssislərini öz bilik və bacarıqlarını bütün dünyadan olan məsləkdaşları ilə bölüşməyə sövq edə bilib.

ATİ seminarları – tibbin bütün sahələrini əhatə edən bir həftəlik intensiv kurslardır. Kurslar Avstriyanın Zalsburq şəhərində il boyu təşkil edilir. Hər tibbi ixtisas bir-biri ilə əlaqəli iki, üç bölünüb ki, onlar da hər il dəyişir. Hər bir seminar müasir elmi məlumatlarla zəngin mühazirələrdən, klinik halların təqdimatından, seminarlardan və əksər hallarda praktik bacarıqların təkmilləşdirilməsindən ibarətdir. ATİ seminarları xüsusi dəvət ilə inkişaf etməkdə olan ölkələrdən müraciət etmiş ingilis dilini yaxşı bilən və mütəmadi tibbi praktika ilə məşğul olan həkimlər üçün təşkil edilir.

Namizədlər  yaşı 40-dan az, ixtisası üzrə rezidentura proqramını bitirmiş və öz ölkəsində professional fəalliyyətini davam etdirməyi düşünən mütəxəssislər olmalıdır. Hər bir ATİ seminarı maksimum 36 iştirakçıdan ibarət olur. Bu mühazirələr, fikir mübadiləsi və praktik məşğələlər zamanı intensiv fəaliyyəti təmin edir. ATİ seminarları ABŞ və Avropanın aparıcı tibbi mərkəzlərinin qabaqcıl həkimləri tərəfindən keçirilir. Namizədə ödənilən qrant gediş-gəliş aviabiletinin alınması, təhsil, tədris materiallarının alınmasına sərf edilən xərcləri və yaşayış xərclərini tam ödəyir.

ATİ-dən qrant alan namizədlər seminardakı iştirakı zamanı akademik fəal olmalı və öz təcrübəsindən maraqlı klinik halı nümayiş etdirməlidir. Maraqlı klinik hallar qəbul edilərək gələcəkdə elektron formatda ATİ kitabxanasında saxlanılır. Hər bir ATİ namizədi seminarın əvvəlində və sonunda test imtahanları verir. Bu gələcəkdə onların kurs zamanı əldə etdikləri bilikləri qiymətləndirməyə kömək edir. Uğurlu nəticə nümayiş etdirmiş ATİ seminarlarının iştirakçılarının 50 %-i gələcəkdə müşahidəçi proqramlarında iştirak etmək və əlavə seminarlarda iştirak etmək şansı əldə edirlər. ATİ seminarlarının materialları on-line “OMI Handbook” materiallar toplusunda nəşr edilir və topluya yalnız seminarların iştirakçıları daxil olma hüququ əldə edilə bilər.