Beynəlxalq Oftalmologiya Şurası “ICO Fellowship” proqramı

Beynəlxalq Oftalmologiya Şurasının (BOŞ) təklif etdiyi “Fellowship” (təqaüd) qrant proqramı inkişaf etməkdə olan ölkələrdə çalışan oftalmoloqlara dünyanın aparıcı oftalmoloji mərkəzlərində təcrübə keçmək imkanı yaradır. Seçım turunda Beynəlxalq Oftalmologiya Şürasının imtahanlarından (ICO Exams) müvəffəqiyyət əldə etmiş oftalmoloqlara xüsusi üstünlüklər verilir. “Fellowship” proqramına seçilmiş şəxs təcrübə keçdikdən sonra mütləq yaşadığı ölkəyə qayıtmalıdır.

BOŞ-un “Fellowship” proqramı 2001-ci ildə təsis olunmuş və 2001-2006-cı illər ərzində Dr. Balder P. Qlurun (İsveçrə) rəhbərliyi altında fəaliyyət göstərmişdir. 2006-cı ildən etibarən həmin proqrama rəhbərlik Dr. Qeybel  tərəfindən həyata keçirilirdi. Hazırda isə proqramın fəaliyyəti xüsusi komanda tərəfindən idarə edilir.

BOŞ, BOŞ Fondu və müxtəlif müəssisələrin maliyyə dəstəyi ilə indiyədək minlərlə oftalmoloq “Fellowship” proqramında iştirak etmişdir. Beləki, Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdən olan oftalmoloqlar inkişaf etmiş ölkələrin aparıcı oftalmoloji mərkəzlərində təcrübə keçərək, bilik və bacarıqlarını təkmilləşdirmişdir.

“Fellowship” proqramının əsas məqsədi xüsusi ilə inkişaf etməkdə olan ölkələrdə çalışan gənc oftalmoloqlara bilik və bacarıqlarını təkmilləşdirmək, həmçinin oftalmologiya sahəsində perspektiv əldə olunmasında yardım etməkdən ibarətdir.

3 aylıq “ICO Fellowship” proqramında iştirak üçün ərizələr ildə bir dəfə qəbul edilir. Ərizələr 31 mart tarixinədək göndərilməlidir.

“Fellowship” proqramı adətən 3 ay davam edir. Ancaq bəzən bu müddət uzadıla bilər. Təcrübə keçdiyi müddət ərzində iştirakçı bunun üçün heç nə ödəmir.

“Fellowship” proqramında iştirak etmiş oftalmoloqlar əldə etdiyi bilik və bacarıqları ilə doğma ölkələrinə qayıtmalı və görmənin qorunması, həmçinin geri dönməz görmə itkisinə qarşı mübarizədə fəal iştirak etməlidirlər.

3 ay davam edən “Fellowship” proqramı oftalmoloqlara həm ümumi oftalmologiya, həm də oftalmologiyanın müxtəlif ixtisasları üzrə təcrübə keçmək imkanı yaradır. Dünyanın 60-dan artıq aparıcı oftalmoloji mərkəzi Fellowship proqramını dəstəkləyərək müxtəlif ölkələrdən olan gənc oftalmoloqların təmənnasız treninqi ilə məşğul olmağa razılıq verib.

“Fellowship” proqramında iştirak etmək istəyən şəxs təcrübə keçmək istədiyi mərkəzi siyahıdan seçərək, həmin mərkəzin rəhbərinə və ya məsul şəxsinə orada təcrübə keçmək arzusu barədə e-mail göndərməlidir. Müsbət cavab aldıqdan sonra tələb olunan digər sənədlərlə birlikdə mərkəzdən alınmış razılıq vərəqini e-mail, faks və ya poçt vasitəsi ilə BOŞ-un Fellowship komitəsinə göndərməlidir. Əgər seçim turunda həmin oftalmoloq qalib gələrsə, o zaman xarici ölkədə təcrübə keçmək şansı əldə edərək BOŞ-dan qrant alacaq.

“ICO Fellowship” proqramları barədə ətraflı məlumat əldə etmək üçün linkə daxil ola bilərsiz.

Sizi maraqlandıran əlavə suallar olarsa, linkə daxil olun.