Təşkilatın loqosu

“Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin loqosu”nun ilkin versiyası Dr. Emin Əlihüseynli tərəfindən hələ Azərbaycan Tibb Universitetinin tələbəsi olarkən 2001-ci ildə çəkilmişdir. 2005-ci ildə təşkilatın təsis sənədləri Ədliyyə Nazirliyinə qeydiyyat üçün təqdim edilərkən loqoya bəzi əlavələr olunaraq dəyişdirilmiş və “Müasir Oftalmologiyanın İnkişafına Yardım” İctimai Birliyinin loqosu kimi qəbul edilmişdir.

Logonun tam mərkəzində səkkiz guşəli ulduz yerləşir. Səkkiz güşəli ulduz Azərbaycanın milli simvolu, həmçinin gerbinin və bayrağının əsas atributu olmaqla yanaşı həm də günəşi simvolizə edir. Səkkiz guşəli ulduz logonun tam mərkəzində yerləşməklə həm göz bəbəyini, həm də ətrafında əl-ələ tutaraq birləşən səkkiz insan simvolu tərəfindən qorunan nur mənasını verir.

Səkkiz güşəli ulduz dairə ilə əhatə olunub. Bu dairə cizgilərlə bəzədilərək gözün qüzehli qişasını imitasiya edir. Qüzehli qişa yuxarıdan və aşağıdan göy rəngli haşiyə ilə əhatə edilib ki, bu da göz qapaqlarını simvolizə etməklə, loqoda tam göz formasını yaradır.

Səkkiz guşəli ulduzdan çıxan xəttlər və cizgilər görməyə cavabdeh olan və ornamental şəkildə bir-biri ilə birləşərək tor qişanın çöpçük və kolbacıq hüceyrələrini göstərir. Bütün bu cizgilər ən sonda birləşərək əl-ələ tutan səkkiz insan fiqurunu formalaşdırır ki, bu da ölkəmizin səkkiz müxtəlif regionunda fəaliyyət göstərən və əsas amalı göz nurunu, yəni görməni qorumaq naminə ölkəmizdə müasir oftalmologiya elminin inkişafı üçün çalışan oftalmoloqlarımızın anlamına gəlir. Eyni zamanda biri, digərinin davamı olan və sıx şəbəkə yaradan cizgilər inkişafın yalnız sıx şəbəkələşmə, həmçinin qarşılıqlı yardım nəticəsində mümkünlüyünü göstərir. Əgər loqoda cizgi və xətlərdən hansısa birini silsək bütün simmetriya və nizam məhv olacaq. Bu da bir daha vahid amal naminə oftalmoloqlarımızın birgə işləməsinin və sıx əməkdaşlığının vacibliyini göstərir.

Loqo göy rəngdə qəbul edilib. Göy rəng səmanı, demokratiyanı, düzlüyü, təmizliyi, günahsızlığı, dincliyi, etibarlılığı, səmimiliyi, əminliyi və milliliyi göstərir.