Oftalmologiya durmadan inkişaf etdiyinə görə onun butun sahələrindən xəbərdar olmaq, həmçinin bütün yenilikləri izləmək qeyri mümkündür.
Bu səbəbdən də oftalmologiyanın subixtisaslara bölünməsi labüddür. Bu həm əhaliyə yüksək ixtisaslı xidmətin göstərilməsini, həm də hər bir ixtisas üzrə mütəxəssislərin formalaşmasını asanlaşdırır.
Oftalmologiyada sub-ixtisaslar və yaxud alt ixtisaslar aşağıdakı kimidir.
1.Buynuz qişa və ön seqment xəstəlikləri. Bu subixtisas buynuz qişa, sklera, konyunktiva və göz qapağı xəstəliklərinin, həmçinin buynuz qişa distrofiyası, bakterial infeksiyalar, konyunktival və korneal şişlər, iltihabi prosseslər, eləcə də sistem xəstəliklərin göz almasının ön seqmentindəki təzahürlərinin diaqnostika və müalicəsini özündə birləşdirir. Bu sahə üzrə ixtisaslaşmış həkimlər buynuz qişanın transplantasiyası və refraktiv cərrahi əməliyyatları həyata kecirirlər.
2.Katarakta və Refraktiv Cərrahiyyə. Oftalmologiyada qismən yeni subixtisas olub, kataraktanın və refraksiya qüsurlarının cərrahi yolla müalicəsini özündə birləşdirir.
3.Qlaukoma. Bu subixtisas qlaukoma, həmçinin müxtəlif mənşəli göz daxili təzyiqin artması ilə müşahidə edilən və görmə sinirinin zədlnməsinə səbəb olan digər patoloji halların müalicəsi ilə məşğul olur. Bu ixtisas sahibləri həm uşaqların, həm də yaşlıların konservativ və cərrahi müalicəsi ilə məşğul olurlar.
4.Uveitlər və Okulyar İmmunologiya. Bu ixtisas gözün immun mənşəli zədələnmələrinin diaqnostika və müalicəsi ilə məşğul olur. İxtisas sahibləri okulyar immunomodulyator terapiya ilə yaxından tanış olub, revmatoloq və immunoloqlarla birgə fəaliyyət göstərirlər.
5.Tibbi və cərrahi vitreo-retinalogiya. Bu ixtisas şüşəvari cisim və tor qişa xəstəliklərinin konservativ və cərrahi müalicəsini həyata keçirir.
6.Okuloplastika. Bu ixtisas sahibləri göz yuvalarının, göz qapaqlarının kosmetik, həmçinin travma və şişlər nəticəsində meydana gəlmiş qüsurlarının rekonstruktiv cərrahiyyəsini həyata keçirir. Okuloplastik cərrahlar oftalmoloji və plastik cərrahiyyənin kombinasiyasını istifadə edərək, okulyar və orbital xəstəliklərin müalicəsində radioterapiyanı, kimya-terapiya və kimya-cərrahiyyəni istifadə edirlər.
7.Pediatrik Oftalmologiya və çəpgözlük. Bu ixtisas sahibləri çəpgözlük, ambliopiya, genetik və inkişaf anomaliyalarının, həmçinin 20 yaşa qədər şəxslərdə gözün iltihabi, travmatik və neoplastik vəziyyətlərinin konservativ və cərrahi müalicəsini həyata keçirirlər. Bu ixtisas sahibləri həmçinin, yaşlılarda müşahidə olunan gözün hərəki problemlərinin müalicəsi ilə də məşğul olurlar.
8.Neyro-oftalmologiya. Bu ixtisas göz xəstəlikləri və nevroloji xəstəliklər arasında əlaqə yaradaraq, əsasən görmə sinirinin və görmə yolunun patoloji zədələnmələri ilə məşğul olur. İntrakranial törəmələrin 50%-i görmə yolu ilə okulomotor yolu zədəlyir. Neyro-oftalmologiya qeyri-cərrahi ixtisas olsa da, göz alması və göz yuvasının cərrahiyyəsi ilə kombinə oluna bilər.
Qeyd edilən sub-ixtisaslar üzrə çalışan və təcrübəsi olan oftalmoloqlara müraciət edərək bildiririk ki, əgər bilik və bacarıqlarınızı digər oftalmoloqlara çatdırmaq və sahib olduğunuz maraqlı məlumatlarla məsləkdaşlarınızla bölüşmək istəyirsinizsə, zəhmət olmasa məşğul olduğunuz sub-ixtisas barədə bizi məlumatlandırmaq üçün formanı doldurun.
Subixtisaslar proqramında qeydiyyatdan keçmək üçün forma.