Görmənin qorunması və korluqla mübarizə
Proqnozlara əsasən 2050-ci ildə yer kürəsinin əhalisinin 1.7 milyardı görməsini itirəcək. Bununla yanaşı dünya əhalisinin yarısı 4.8 milyard insan mütəmadi olaraq görmə qüsurları ilə əlaqədar oftalmoloji xidmətə ehtiyac duyacaqlar. Məhz buna görə gələcəkdə oftalmoloji xidmət sahələrinin üzərinə düşən yükün öhdəsindən layiqincə gəlməsi üçün artıq bu gün ciddi investisiya yatırımları tələb edir. Qeyd edilənlərlə mübarizə məqsədiylə yeni “2030 In Sight – 2030 Görmə naminə” proqramına start verilib.
Qarşısı alınabiləcək görmə itkisi
Beynəlxalq Korluqla Mübarizə Agentliyinin (International Agency for the Prevention of Blindness – IAPB) araşdırmalarına əsasən 90% hallarda görməni tam bərpa və müalicə etmək mümkündür. Yer kürəsi əhalisinin təqribən 771 milyon nəfərinin görməsini geri qaytarmaq mümkündür:
- 161 milyon insan uzaq məsafəyə olan görmə qüsurlarından əziyyət çəkir.
- 100 milyon insan kataraktadan əziyyət çəkir.
- 510 milyon insan yaxın məsafəyə olan qüsurlarından əziyyət çəkir
Səbəblər
Görmə itkisinin əsas səbəbləri aşağıdakılardır:
- Korreksiya edilməmiş refraksiya qüsurları ilə əlaqədar ciddi görmə itkisi (157 milyon insan)
- Katarakta (100 milyon insan)
- Qlaukoma (8 milyon insan)
- Yaşla əlaqədar makulyar degenerasiya (8 milyon insan)
- Diabetik retinopatiya (4 milyon insan)
Bundan əlavə milyonlarla insan görmə itkisinin qarşısını almaq üçün mütəmadi oftalmoloji xidmət tələb edən xəstəliklərlə yaşayır.
Proqnozlara əsasən 2050-ci ildə yaşı 65-dən yuxarı olan şəxslərin sayı 2 dəfə, yaşı 80-dən yuxarı olan şəxslərin sayı isə 3 dəfə artacaq. Beləki, 2019-cu ildə onlar 140 milyon təşkil edirdilərsə, 2050-ci ildə onların sayı 420 milyon nəfər təşkil edəcək. Bu vəziyyət yaşla bağlı yaranan görmə qüsurlarının yayılması nöqteyi nəzərindən ciddi narahatlıqlar yaradır. Çünki yaşla əlaqədar olaraq həm kataraktanın, həmdə yaşla bağlı makulyar degenerasiyaların inkişafı ciddi görmə itkilərinin geniş vüsət almasına səbəb olacaq.
Şəkərli diabet
2000-ci ildə şəkərli diabetlə yaşayan yaşlıların sayı 151 milyon nəfər təşkil etmişdi. 2015-ci ildə bu say 415 milyon nəfərə qalxdı, bu gün isə 463 milyon nəfər təşkil edir. Beynəlxalq Diabet Federasiyasının proqnozlarına əsasən 2040-cı ildə bu say 642 milyon, 2045-ci ildə isə 700 milyon təşkil edəcək.
Miopiya
2015-ci ildə yer kürəsi əhalisinin 23%-də miopiya olduğu aşkarlanmışdı. 2050-ci ildə bu göstəricinin 50 % olacağı proqnozlaşdırılır. İstər ətraf mühit amillərinin, istərsə də digər faktorların təsirindən makulyar zonanın miopik degenerativ və diabetik retinopatiya ilə bağlı ciddi dəyişiklikləri durmadan artmaqdadır.
Buna görə gələcəkdə oftalmoloji xidmət sahələri qeyd edilən patoloji vəziyyətlərlə mübarizədə xüsusi investisiya yatırımları tələb edir.