“2030 In Sight – 2030 Görmə naminə” adlı yeni təşəbbüsə start verilib

1999-cu ildə Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq Korluqla Mübarizə Agentliyi (BKMA) birgə 2020-ci ilə qədər korluqla mübarizəni həyata keçirmək üçün “Vision 2020:Right to Sight – Görmə 2020: Görmə Hüququ” adlı təşəbbüsün əsasını qoydular. “Görmə-2020” təşəbbüsünün əsas məqsədi hökümət və qeyri hökümət təşkilatlarının əməkdaşlığı ilə 2020-ci ilə qədər qarşısı alına biləcək korluqla mübarizə idi. Bu məqsədə çatmaq üçün 3 əsas amil- xəstəliklərin kontrolu, insan resurslarının və infrastrukturun inkişafı həyata keçirilməli idi.

ÜST-ün tədqiqatlarına əsasən o zaman,
  • Təqribən 314 milyon insan ciddi görmə qüsurlarından əziyyət çəkirdi.
  • Bunlardan 45 milyon insan kor, 124 milyon insan isə zəif görmə problemi ilə üzləşmişdi.
  • Həmçinin 153 milyon insan korreksiya olunmamış refraksiya qüsurlarından (miopiya, hipermetropiya, astiqmatizm) əziyyət çəkirdi. Əksər hallarda normal görmə eynəklərin və ya, kontakt linzaların köməyi ilə əldə edilə bilərdi.
  • Mövcud korluğun 80%-i qarşısı alına və ya müalicə oluna bilərdi.
  • Korların 90%-i aşağı gəlirli ölkələrdə yaşayırdılar.
  • Görmənin qorunması və korluğun qarşısının alınması səhiyyə sahəsində iqtisadi effektiv tədbirlərdən olduğu qeyd edilmişdi.
  • İctimai və iqtisadi inkişafla əlaqədar olaraq infeksion amillərin təsirindən yaranan korluğun sayı azalmışdı. Beləki, 1985-ci ildə dünyada traxomadan 360 milyon insan əziyyət çəkirdisə, bu göstərici 80 milyona düşmüşdü.
  • Dünya əhalisinin qocalması və həyat tərzinin dəyişməsi ilə ilə əlaqədar olaraq diabetik retinopatiya kimi xroniki korluğa səbəb olan xəstəliklərin sayı artmışdı.
  • Qadınlar kişilərlə müqayisədə görmə qüsurlarından daha çox əziyyət çəkirdilər.
  • Effektiv tədbirlər həyata keçirilməsə, 2020-ci ildə dünyada korların sayının artaraq 76 milyona çatacağı proqnozlaşdırılırdı.

ÜST-ün hesablamalarına əsasən əgər 2020-ci ilə qədər heç bir tədbir görülməsəydi görmə qüsurları və korluqdan əziyyət çəkənlərin sayı 2 dəfə artacaqdi.

Bu illər ərzində qeyd edilən problemlərin qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirildi. Bir çox sahələrdə uğurlar əldə edilsə də, oftalmoloqların çiyninə yenə də görmənin qorunması kimi ağır bir yük düşdüyü danılmaz faktdır.

Hazırda proqnozlara əsasən 2050-ci ildə yer kürəsinin əhalisinin 1.7 milyardı görməsini itirəcək. Bununla yanaşı dünya əhalisinin yarısı – 4.8 milyard insan mütəmadi olaraq görmə qüsurları ilə əlaqədar oftalmoloji xidmətə ehtiyac duyacaqlar. Məhz buna görə gələcəkdə oftalmoloji xidmət sahələrinin üzərinə düşən yükün öhdəsindən layiqincə gələ bilmək üçün artıq bu gün ciddi investisiya yatırımları tələb edilir.

Hazırda görmə itkisinin əsas səbəbləri aşağıdakılardır:

  • Korreksiya edilməmiş refraksiya qüsurları ilə əlaqədar ciddi görmə itkisi (157 milyon insan)
  • Katarakta (100 milyon insan)
  • Qlaukoma (8 milyon insan)
  • Yaşla əlaqədar makulyar degenerasiya (8 milyon insan)
  • Diabetik retinopatiya (4 milyon insan)

Bundan əlavə milyonlarla insan görmə itkisinin qarşısını almaq üçün mütəmadi oftalmoloji xidmət tələb edən xəstəliklərlə yaşayır.

Proqnozlara əsasən 2050-ci ildə yaşı 65-dən yuxarı olan şəxslərin sayı 2 dəfə, yaşı 80-dən yuxarı olan şəxslərin sayı isə 3 dəfə artacaq. Beləki, 2019-cu ildə onlar 140 milyon təşkil edirdilərsə, 2050-ci ildə onların sayı 420 milyon nəfər təşkil edəcək. Bu vəziyyət yaşla bağlı yaranan görmə qüsurlarının yayılması nöqteyi nəzərindən ciddi narahatlıqlar yaradır. Çünki yaşla əlaqədar olaraq həm kataraktanın, həmdə yaşla bağlı makulyar degenerasiyaların inkişafı ciddi görmə itkilərinin geniş vüsət almasına səbəb olacaq.

Qeyd olunanlarla mübarizəni davam etdirmək və görmənin qorunması üzrə durmadan ictimaiyyəti məlumatlandırmaq üçün Beynəlxalq Korluqla Mübarizə Agentliyi yeni layihəyə start verdi. “2030 In Sight – 2030 Görmə naminə”. 

“Bu layihə növbəti 10 il üçün nəzərdə tutulub və strateji planı əks etdirir. Artıq həyata keçirilmiş professional təcrübələrə əsaslanır və hələ də görüləcək daha çox işlərin  olduğunu əks etdirir. Bəzi yoluxucu xəstəliklərin aradan qaldırılması ərəfəsində olmağımıza baxmayaraq, qeyri-infeksion xəstəliklərin yaranması, həyat tərzinin dəyişməsi və əhalinin qocalması hazırda sağlam göz üçün yeni problemlər yaradır.

Dünyada 1,1 milyard insan oftalmoloji xidmətlərdən yararlana bilmədikləri üçün, görmə qabiliyyətinin itkisi ilə üzləşir. Onlar cəmiyyətin az təminatlı və təcrid olunmuş təbəqələridir. Əgər heç bir dəyişiklik olmazsa, 2050-ci ilə qədər bu göstərici 1,8 milyarda çatacaq.

Görmə qabiliyyətinin layiq olduğu və lazımi qlobal siyasi, sağlamlıq və inkişaf prioritetini alması üçün fərqli şəkildə işləməliyik.

Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsinə son vermək artıq reallıqdır və bu məqsədə nail olmaq üçün hər zamankindən daha çox səy göstərməliyik”.

“2030 In Sight – 2030 Görmə naminə” təşəbbüsünün icmalı azərbaycan dilində – Yüklə

“2030 In Sight” summary – ingilis dilində – Yüklə