Akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş “Oftalmologiya: Müasir Trendlər və Gələcək İstiqamətlər” mövzusunda konfrans keçirildi
16 may 2026-cı il tarixində Bakıda, Yeni Klinikada “Müasir Trendlər və Gələcək İstiqamətlər” adlı elmi layihələr seriyası çərçivəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Oftalmologiya: Müasir Trendlər və Gələcək İstiqamətlər” adlı konfrans keçirilmişdir. Tibb universitetinin tələbələri və gənc tədqiqatçılar üçün xüsusi olaraq nəzərdə tutulan bu elmi tədbir, səhiyyənin gələcək kadrlarının nəzəri biliklərinin zənginləşdirilməsi və onların innovativ tibbi texnologiyalarla tanış olması məqsədini daşımışdır.
Mötəbər elmi tədbir TƏBİB, Azərbaycan Tibb Universiteti (ATU), Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Gənc Oftalmoloqlar Komitəsi (AOC GO), Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyi (MOİYB), Türk Cumhuriyyətləri Oftalmologiya Dərnəyinin Gənc Oftalmoloqları (TCOD) və Avropa Oftalmologiya Cəmiyyətinin Gənc Oftalmoloqlarının (SOE YO) dəstəyi, həmçinin Universal Tibb və İnkişaf Cəmiyyəti və Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin birgə təşkilatçılığı ilə reallaşmışdır.
Konfrans iştirakçıların rəsmi qeydiyyatından sonra giriş sözü ilə açılmışdır. Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, ardınca akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsindən, onun Azərbaycan oftalmologiya elminin beynəlxalq arenada tanınmasındakı müstəsna xidmətlərindən bəhs edən geniş videoçarx nümayiş olunmuşdur. Çıxış edən natiqlər akademik Zərifə Əliyevanın fədakar həkimlik fəaliyyətinin gənc tibb tələbələri üçün bir örnək və böyük məktəb olduğunu vurğulamışlar.
Konfransın elmi hissəsi iki geniş sessiyadan ibarət proqramla davam etmişdir. Birinci sessiyada sahənin tanınmış mütəxəssisləri tələbələr üçün aktual kliniki mövzularda məruzələrlə çıxış etmişlər. Professor Paşa Musayev Qəlbinur “Gözlərdən Qəlbə Gedən Yol: Alim və Şair Portreti” mövzusunda elmlə humanizmin vəhdətini əks etdirən geniş məruzəsini təqdim etmişdir. Daha sonra Dosent Aysel Qəlbinur “Gələcəyi Görmək: Pediatrik Oftalmologiyanın Müasir Problemləri”, Dr. Fərəh Abduləliyeva “Azərbaycanda Keratoplastikanın Tətbiqi və İnkişaf Perspektivləri” və Dosent Tural Qəlbinur “Küt Travmaya Bağlı Tor Qişa Qopmaları” mövzusunda çıxış edərək, tələbələrə praktik cərrahiyyənin incəliklərini və müasir müalicə protokollarını çatdırmışlar. Sessiyanın sonunda gənc tədqiqatçıların sualları cavablandırılmış və qısa kofe fasiləsi elan olunmuşdur.
İkinci sessiyada isə diqqət mərkəzində oftalmologiyanın gələcəyi, estetik aspektlər və rəqəmsal texnologiyaların tibbə inteqrasiyası dayanmışdır. Dr. Fariz Sadıqov “Oftalmologiyanın Retrospektiv Analizi: Klassik Metodlardan Gələcəyin Teknoloriyalarına Keçid” mövzusunda geniş təqdimat etmiş, ardınca Dr. Zöhrə Qocayeva “Blefaroplastika: Sadəcə Estetika, Yoxsa Tibbi Zərurət?” sualı ətrafında kliniki yanaşmaları izah etmişdir. Dr. Lalə Məmmədova isə “Beynəlxalq Oftalmologiya Tədqiqatlarında Yeni Trendlər, Virtual Əməkdaşlıq və Networking-in Gücü” mövzusunda çıxış edərək, tələbələrə beynəlxalq elmi layihələrdə iştirakın və qlobal əməkdaşlığın yollarını izah etmişdir.
Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin sədri Dr. Emin Əlihüseynli son dövrün ən böyük texnoloji inqilablarından sayılan süni intellekt mövzusuna toxunaraq, “ChatGPT-dən OftalmoAssist-ə: Oftalmologiyada Azərbaycandilli Sİ İnqilabı” adlı məruzə ilə tələbələrə gələcəyin kliniki qərar-dəstək sistemlərinin iş prinsiplərini nümayiş etdirmişdir.
İkinci sessiyanın yekununda tələbələrin və spikerlərin iştirakı ilə interaktiv diskussiya keçirilmiş, gələcək həkimləri maraqlandıran suallar ətraflı cavablandırılmışdır. Konfransın bağlanış mərasimində bu cür layihələrin tibb tələbələrinin dünyagörüşünün formalaşmasında və onların peşəkar inkişafında oynadığı böyük rol yüksək qiymətləndirilmiş, tədbirin təşkilində əməyi keçən hər kəsə dərin təşəkkür ifadə olunmuşdur.