“OftalmoAssist” layihəsi Dünya Oftalmologiya Konqresində uğurla təqdim olundu
26–29 İyun 2026-cı il tarixlərində Çexiyanın paytaxtı Praqa şəhərində oftalmologiya dünyasının ən nüfuzlu tədbiri hesab olunan 40-cı Dünya Oftalmologiya Konqresi (WOC2026®) keçirilmişdir. Dünyanın dörd bir yanından minlərlə aparıcı mütəxəssis, alim və cərrahı bir araya gətirən bu qlobal toplantıda ölkəmiz növbəti böyük elmi uğura imza atmışdır.
Konqresin rəsmi elmi proqramı çərçivəsində, “Müasir Oftalmologiyanın İnkişafına Yardım” Birliyinin sədri Emin Əlihüseynli və həkim-oftalmoloq Aybəniz Abdullayevanın həmmüəllifliyi ilə ərsəyə gələn innovativ süni intellekt layihəsi beynəlxalq arenada uğurla nümayiş etdirilmişdir.
Konqresin “Süni İntellekt və Teletibb” (AI & AVS) üzrə rəsmi “E-Poster Walk” sessiyasında təqdim olunan [PV-AI-027] qeydiyyat nömrəli elmi iş “Evaluation of ‘OftalmoAssist’, an AI-Driven Tool Adapted to Azerbaijani Language Ophthalmic Terminology” (Azərbaycandili oftalmoloji terminologiyasına uyğunlaşdırılmış süni intellekt əsaslı “OftalmoAssist” alətinin qiymətləndirilməsi) mövzusuna həsr olunmuşdur.

“OftalmoAssist” — ChatGPT 5.0 arxitekturası və qabaqcıl möhkəmləndirilmiş öyrənmə (reinforcement learning) alqoritmləri əsasında qurulmuş, tibbi qərar-dəstək sistemi (clinical decision support tool) funksiyasını yerinə yetirən unikal bir proqram təminatıdır. Layihənin əsas hədəfi mürəkkəb oftalmoloji halların və spesifik yerli terminologiyanın süni intellekt tərəfindən Azərbaycan dilində dürüst emal edilməsini təmin etməkdir.
Tədqiqat çərçivəsində 10 fərqli oftalmoloji sub-ixtisası əhatə edən, real kliniki təcrübədən götürülmüş 422 mürəkkəb kliniki hal süni intellekt tərəfindən analiz edilmişdir. Təqdim olunan elmi nəticələr beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdir:
- Diaqnostik Dürüstlük: “OftalmoAssist” 422 mürəkkəb halın 70.4%-ində tam doğru diaqnoz təyin etmişdir.
- Kliniki Qərar Qəbuletmə: Diaqnoz qoyulduqdan sonra xəstənin müalicəsi və növbəti addımlarla bağlı tövsiyələrdə sistem 82.7% kimi yüksək dürüstlük və dəqiqlik nümayiş etdirmişdir.
Bu göstəricilər süni intellektin yerli dildə, xüsusilə də spesifik tibbi terminologiyada həkimlərin kliniki qərarlarına dəstək verə biləcək, qiymətləndirilə bilən və effektiv bir alət olduğunu sübut edir.

Məruzəçi müəllif kimi çıxış edən Emin Əlihüseynlinin təqdimatı konqres iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır. Səfərin yekununda Beynəlxalq Oftalmologiya Şurasının (ICO) Prezidenti Prof. Neeru Gupta və Baş İcraçı Direktoru Dr. Ivo Kocur tərəfindən müəlliflərə konqresin rəsmi E-Poster Sertifikatı təqdim edilmişdir.
Layihə rəhbəri Dr. Emin Əlihüseynli mövzu ilə bağlı verdiyi açıqlamada bildirmişdir:
“Bu uğur təkcə bizim komandanın deyil, bütövlükdə Azərbaycan oftalmologiyasının və rəqəmsal səhiyyənin beynəlxalq arenadakı mühüm qələbəsidir. Azərbaycan dilli oftalmoloji terminologiyaya uyğunlaşdırılmış süni intellekt alətinin inkişafı, gənc həmkarlarımızın və regionlardakı həkimlərimizin qabaqcıl qərar-dəstək mexanizmlərinə çıxışını sürətləndirəcək. Biz bu istiqamətdə tədqiqatlarımızı genişləndirməyə və sistemimizi daha da təkmilləşdirməyə davam edəcəyik.”
“Müasir Oftalmologiyanın İnkişafına Yardım” Birliyi olaraq, ölkəmizi dünya miqyasında layiqincə təmsil edən həkimlərimizi ürəkdən təbrik edir və onlara Azərbaycan elminin innovativ tərəqqisi yolunda yeni-yeni nailiyyətlər arzulayırıq!