XV Azərbaycan gənc oftalmoloqlar konfransı barədə

Hörmətli gənc məsləkdaşlarımız!

İlk dəfə 2007-ci ildə keçirilən gənc oftalmoloqların konfransı artıq 15 ilə yaxındır ki, mütəmadi olaraq təşkil edilir. İllər çox tez keçdi və illər öncə bu konfranslarda gənc oftalmoloqlar qismində məruzə edən məsləkdaşlarımız bugün artıq öz sözünü demiş mütəxəssislər kimi fəaliyyət göstərir, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq tədbirlərdə iştirak edərək vətənimizi, vətənimizin oftalmologiya elmini və ən əsası hər zaman bizə dəstək olub, yol göstərən dəyərli müəllimlərimizi layiqincə təmsil edirlər. Bu gözəl ənənə ölkəmizdə gənc oftalmoloqların peşəkar inkişafına olan xüsusi diqqətin bariz nümunəsi olaraq yenə də davam etdirilir.

Bu il 24 noyabr tarixində Azərbaycan gənc oftalmoloqlarının XV konfransının keçirilməsi planlaşdırılır. Gənc oftalmoloqların konfransı hər il dəyərli və hörmətli müəllimlərimizin köməyi və dəstəyi ilə keçirilirdi, bütün bunlar illər boyu bizə yol xəritəsi rolunu oynamışdır. Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri Prof. Elmar Qasımov gənclərə böyük etimad və etibar əlaməti olaraq bu il həyata keçiriləcək konfransın bütün məsələlərinin məhz gənclərin özləri tərəfindən idarə olunmasına icazə verdi. Bu etimadı doğrultmaq üçün təbii ki, biz gənclərin çiyinlərinə düşən məsuliyyəti anlayır və bizə göstərilmiş xüsusi jestin öhdəsindən layiqincə gəlmək üçün artıq konfransın təşkilat komitəsini yaradaraq bu işə başlamışıq.

Konfransın təşkilat komitəsi:

Dr. Mirana Mirişova – (MOM) təşkilat komitəsinin sədri.

Üzvlər:

Dr. Gülnar Əliyeva (ATU Oftalmologiya kafedrası)

Dr. Lamiyə Həsənzadə (AzDHTİ)

Dr. Humay Bayramova (MOM)

Dr. Lalə Məmmədova (MOM)

Dr. Rəvanə Həsənova (MOM)

Dr. Sona İbrahimova (MOM)

Dr. Pərvin Ağayeva (MOM)

Dr. İnarə Hacı (MOM)

Dr. Aysel Nağızadə (Qobustan MRX)

Dr. Ayan Qəlbinur (ATU Oftalmologiya kafedrası – rezident)

Dr. Emin Ərəbov (MOM – rezident)

Dr. Səbinə Quliyeva (MOM – rezident)

Dr. Aynur Ağayeva (MOM – rezident)

Bu il oftalmologiya üzrə ölkəmizdə keçirilən bütün tədbirlər Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunduğu üçün biz gənclər də tədbirimizi eyni məqsədlə reallaşdırmağı özümüzə borc bilirik. Konfransda müasir oftalmologiyanın bütün sub-ixtisaslarını əhatə edəcək məruzələr üzrə çıxışlar qəbul ediləcək. Konfransın rəsmi dilləri Azərbaycan, rus, türk və ingilis dilləri olacaq.

Bu il Azərbaycan Gənc Oftalmoloqlarının XV konfransı ilə birgə Azərbaycan Gənc Oftalmoloqlarının I Forumunu da keçirtməyi, ilk dəfə olaraq “Gənc Oftalmoloqların Dostu” fəxri adını təsis etməyi, həmçinin bir sıra yeniliklərin həyata keçirilməsini planlaşdırırıq. Bu barədə mütəmadi olaraq sizə məlumat verəcəyik. Konfransla bağlı sizi maraqlandıran hər hansı sualınız olsa, çəkinmədən azegok.2023@gmail.com e-mail ünvanına yaza bilərsiz.

Konfransın rəsmi saytına daxil olmaq üçün bura tıklayın.

Hörmətlə, Dr. Mirana Mirişova t.ü.f.d.

AOC GO sədri və Gənc Oftalmoloqların XV Konfransının təşkilat komitəsinin sədri.