Amerika Oftalmologiya Akademiyasının klinik protokolları Azərbaycan dilində nəşr olunub
Nəşrin əsas məqsədi müasir oftalmologiyada beynəlxalq səviyyədə qəbul edilmiş, elmi sübutlara əsaslanan klinik yanaşmaların Azərbaycan dilində əlçatanlığını təmin etmək, yerli oftalmoloqların gündəlik klinik fəaliyyətində istifadə edə biləcəkləri etibarlı və aktual elmi mənbəni təqdim etməkdir.
Amerika Oftalmologiya Akademiyasının klinik protokolları müxtəlif göz xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və pasiyentlərin müşahidəsi üzrə müasir elmi sübutlara əsaslanan tövsiyələri özündə birləşdirir. Dünyanın bir çox ölkəsində oftalmoloqlar tərəfindən istifadə olunan bu protokollar sübuta əsaslanan təbabət prinsiplərinin klinik praktikaya tətbiqində mühüm əhəmiyyət daşıyır.
Materialın Azərbaycan dilinə tərcüməsi Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin təşəbbüsü ilə həyata keçirilib. Layihənin rəhbəri Birliyin sədri Emin Əlihüseynlidir. Tərcümə işini Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin eksimer lazer şöbəsinin həkimi Nuranə Ələkbərova və Sabunçu Tibb Mərkəzinin oftalmoloqu Fəridə Müzəffərli yerinə yetiriblər.
Tərcümə prosesində mətnin Azərbaycan dilində düzgün və anlaşıqlı ifadə olunması ilə yanaşı, oftalmoloji terminologiyanın dəqiqliyinə və vahidliyinə xüsusi diqqət yetirilib. Layihənin elmi və peşəkar səviyyəsinin təmin edilməsi məqsədilə material üzərində nəzarət və redaktə mərhələləri də həyata keçirilib.
Layihəyə nəzarəti Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin “Wetlab” şöbəsinin müdiri t.ü.f.d. Mətanət Əfəndiyeva, vitreoretinal cərrahiyyə bölməsinin müdiri t.ü.f.d. Xalid Əliyev, eksimer lazer şöbəsinin müdiri t.ü.f.d. Mirana Mirişova və uşaq şöbəsinin mütəxəssisi t.ü.f.d. Aysel Əkbərova həyata keçiriblər.
Təlimatın elmi redaktəsi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin şəkərli diabetin göz fəsadları şöbəsinin mütəxəssisi İnarə Hacı, resenziyası isə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri professor Elmar Qasımov tərəfindən aparılıb.
Nəşrin ərsəyə gəlməsi bir neçə mütəxəssisin birgə əməyinin və peşəkar əməkdaşlığının nəticəsidir. Layihədə iştirak edən bütün həmkarlarımıza, eləcə də onun həyata keçirilməsinə dəstək göstərən və bu təşəbbüsün reallaşmasına töhfə verən hər kəsə təşəkkürümüzü bildiririk.
İnanırıq ki, Amerika Oftalmologiya Akademiyasının klinik protokollarının Azərbaycan dilində nəşri ölkəmizdə oftalmoloji biliklərin inkişafına, beynəlxalq elmi və klinik təcrübənin daha geniş tətbiqinə, həkimlərin peşəkar inkişafına, xüsusilə də gənc oftalmoloqların müasir klinik yanaşmalara çıxış imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.
Bu nəşr Azərbaycan oftalmologiyasında beynəlxalq təcrübənin paylaşılması və sübuta əsaslanan klinik yanaşmaların təşviqi istiqamətində atılmış əhəmiyyətli addımlardan biridir.
Yükləmək üçün tıklayın: AAO Klinik Protokollar