Azərbaycan Gənc Oftalmoloqlarının XVII Konfransı və Azərbaycan Gənc Oftalmoloqlarının III Forumu.
İlk dəfə 2006-cı ildə keçirilən Gənc Oftalmoloqlar Konfransı (GOK) son 20 ilə yaxın bir dövrdə ölkəmizdə gənc mütəxəssislərin elmi və peşəkar inkişafına xidmət edən mühüm elmi tədbir kimi mütəmadi şəkildə təşkil olunur. Vaxtilə bu konfransların iştirakçısı və məruzəçisi olan gənc oftalmoloqlar bu gün artıq ölkəmizin aparıcı mütəxəssisləri kimi fəaliyyət göstərir, beynəlxalq elmi toplantılarda Azərbaycan oftalmologiyasını layiqincə təmsil edir, eyni zamanda yeni nəsil həkimlərin yetişməsinə dəstək göstərərək bu gözəl ənənəni davam etdirirlər. Bu konfranslar ölkəmizdə gənc oftalmoloqların peşəkar inkişafına göstərilən diqqətin və davamlı dəstəyin bariz nümunəsidir.
Azərbaycan oftalmologiyasının gələcəyini formalaşdıran gənc mütəxəssislər üçün mühüm elmi əməkdaşlıq mühiti olan Gənc Oftalmoloqlar Konfransı bu ənənənin davamı kimi təşkil olunur və gənc həkimlərin bilik və təcrübə mübadiləsinə geniş imkanlar yaradır.
Oftalmologiyamızın gələcəyini təmsil edən gənc mütəxəssislər daim Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyinin və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin diqqət mərkəzindədir. Gənc oftalmoloqların beynəlxalq standartlara uyğun bilik və bacarıqlara malik mütəxəssislər kimi formalaşması, onların elmi və klinik təcrübəsinin zənginləşdirilməsi, yeni nəsil həkimlərin inkişafına şərait yaradılması bu istiqamətdə aparılan fəaliyyətin əsas prioritetlərindəndir. Hər il mütəmadi olaraq keçirilən Gənc Oftalmoloqlar Konfransı isə bu məqsədlərə xidmət edən mühüm elmi tədbirlərdən biri kimi öz əhəmiyyətini qoruyub saxlayır.
Azərbaycan Gənc Oftalmoloqlarının XVII Konfransı və Azərbaycan Gənc Oftalmoloqlarının III Forumu 20 fevral 2026-cı il tarixində Bakıda, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində baş tutdu. Builki konfrans Azərbaycan oftalmologiyasının inkişafında müstəsna xidmətləri olmuş əməkdar elm xadimi, professor Zəhra xanım Quliyevanın xatirəsinə həsr edilib. Professor Zəhra xanım Quliyeva uzun illər ərzində həm elmi, həm də klinik fəaliyyəti ilə oftalmologiyanın müxtəlif sahələrinin inkişafına mühüm töhfələr vermiş, yüzlərlə həkimin formalaşmasında böyük rol oynamış, yüksək peşəkarlığı və müəllimlik məktəbi ilə yadda qalmış görkəmli alim, eyni zamanda pedaqoq kimi xatırlanır. Onun zəngin elmi irsi və oftalmologiya elminə verdiyi töhfələr bu gün də gənc mütəxəssislər üçün örnək olaraq qalır.
Konfransı açılış nitqi ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru professor Elmar Qasımov açdı. Açılışı zamanı AOC Gənc Oftalmoloqlar komitəsinin koordinatoru Emin Əlihüseynli komitənin təsis edilməsi, gənclərin komitənin işinə cəlb edilməsi, həmçinin gələcək planlar barədə iştirakçılara məlumat verdi. Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini t.e.d. Yazgül Abdiyeva, Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri t.e.d., professor Paşa Musayev, həmçinin kafedranın dosenti t.ü.f.d. Səriyə Quliyeva professor Zəhra xanım Quliyevanın həyatı, həmçinin zəngin elmi irsi barədə konfrans iştirakçılarına məlumat verdilər. Sonra AOC Gənc Oftalmoloqlar Komitəsinin sədri t.ü.f.d. Mirana Mirişova açılış nitqi ilə çıxış etdi. Açılış mərasimində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin İdarə Heyətinin üzvü Dr. Ceyhun Nəzərliyə “Gənc Oftalmoloqların Dostu” fəxri adının kuboku və diplomu təqdim edildi. “Gənc Oftalmoloqların Dostu” fəxri adı ildə bir dəfə ölkəmizdə gənc oftalmoloqların inkişafına xüsusi diqqət və dəstək göstərmiş şəxslərə təqdim edilir.
Konfransın müxtəlif sessiyalarına moderatorluğu t.ü.f.d. Mirana Mirişova, Rəvanə Həsənova, Xuraman Ramazanova, Ülkər Şükürova, Humay Bayramova, Gülnar Əliyeva, Lalə Məmmədova, Dinarə Makinskaya, Lamiyə Həsənzadə, Günay Rüstəmbəyova, Tərlan Əliyeva, Xumar İbrahimova edirdilər.
Tədbirdə oftalmologiyanın müasir problemləri, innovativ cərrahi və diaqnostik metodlar, süni intellektin göz xəstəliklərinin diaqnostikasında tətbiqi, müxtəlif klinik hallar və digər aktual mövzular Ülkər Şükürova, Nərgiz Vəlizadə, Nuranə Ələkbərova, Fuay Məmmədova, Aysel Əliyeva, Samirə Vəliyeva, Valeh Bağırov, Ləman Müzəffərli, Lalə Məmmədova, Əminə Abdullayeva, Səidə Bəkirova, Aytən Verdiyeva, Aynur İsmayılova, Xumar İbrahimova, Firuzə Həsənova, Kəmalə Mustafayeva, Səidə Məmmədova, Hindistandan Prasanna Vekantesh Ramesh, Danimarkadan Kirstine Boysen, İsveçrədən Jelena Potic tərəfindən məruzə edildi.

Bu il konfrans çərçivəsində ilk dəfə olaraq “Gənc Retina Mütəxəssislərinin Klubu” təşkil olundu. Klubun əsas məqsədi gənc retina mütəxəssislərinin qarşılaşdıqları maraqlı və mürəkkəb klinik halların müzakirəsini təmin etməkdən ibarət idi. Kluba moderatorluğu Sevda Hümmətova və Lalə Məmmədova edirdilər. Fəridə Muqumova, Aysel Nağızadə, Türkan Sultanlı, Rəhman Hüseynzadə, Günel Məmmədova və Günay Zeynalova tərəfindən təqdim olunan klinik hallar üzrə t.e.d. Tural Qəlbinur, t.ü.f.d. Lalə Axundova və İnarə Hacı tərəfindən panel müzakirələr həyata keçirildi, düzgün diaqnostik yanaşma, həmçinin klinik tövsiyələr verildi ki, bu da gənc həkimlərin bilik və bacarıqlarının zənginləşməsinə mühüm töhfələr vermiş oldu.

Hər il mütəmadi olaraq keçirilən Azərbaycan Gənc Oftalmoloqlarının Forumu Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, t.e.d., prof. Elmar Qasımovun dəstəyi ilə təşkil edilir. Tədbirin əsas məqsədi gənc mütəxəssislərin qarşılaşdığı problemlərin həllinə yaxından köməklik göstərmək, beynəlxalq oftalmoloji aləmdə gənclərin professional inkişafına yönəlmiş faydalı resursları onların diqqətinə çatdırmaq, praktik oftalmologiyada kövrək addımlarını atan gənc oftalmoloqlara dəstək olmaqdan ibarətdir.
Azərbaycan Gənc Oftalmoloqlarının III Forumu bu il “Oftalmologiya və süni intellekt” mövzusuna həsr olunmuşdu. Builki forumun əsas məqsədi süni intellektin müasir oftalmologiyada tətbiq imkanlarını gənc mütəxəssislərin diqqətinə çatdırmaq, klinik praktikada və elmi tədqiqatlarda bu texnologiyaların rolunu müzakirə etmək, eləcə də gənc oftalmoloqların peşəkar inkişafında innovativ yanaşmaların əhəmiyyətini vurğulamaqdan ibarət idi.
Forum çərçivəsində süni intellekt əsaslı diaqnostik alətlər, klinik qərarvermə dəstəyi sistemləri, teleoftalmologiya, eləcə də etik və hüquqi məsələlər ətrafında panel müzakirələr və interaktiv sessiyalar keçirildi. Tədbir gənc oftalmoloqlar üçün müasir oftalmologiyanın prioritet məsələlərini daha dərindən anlamaq, təcrübə mübadiləsi aparmaq və gələcək peşə fəaliyyətlərində süni intellektdən səmərəli istifadə bacarıqlarını formalaşdırmaq üçün əhəmiyyətli elmi müzakirə mühiti yaratdı.
2 saat davam edən forumda gənc oftalmoloqların süni intellektin oftalmologiyada tətbiqində diqqət çəkən müxtəlif mövzular t.ü.f.d. Sona İbrahimova, t.ü.f.d. Samirə Hüseynli, t.ü.f.d. Nigar Sadıqova, Gülnar Əliyeva və Günay Əliyevaın moderatorluğu ilə müzakirə edildi.
Tədbirdə gənc oftalmoloqların marağına səbəb olan müxtəlif mövzular Gülnar Əliyeva, Lalə Məmmədova, t.ü.f.d. Sona İbrahimova, Ülkər Feyzullayeva, t.ü.f.d. Nigar Sadıqova, t.ü.f.d. Samirə Hüseynli, Lamiyə Həsənzadə, Emin Əlihüseynli və Günay Əliyeva tərəfindən iştirakçıların diqqətinə təqdim edildi.
Dostluq və qardaşlıq atmosferində keçən konfrans yalnız elmi proqramı ilə deyil, həmçinin zəngin sosial proqramı ilə də iştirakçıların yaddaşına həkk olundu.
Konfransın mühüm xüsusiyyətlərindən biri də onun gənc mütəxəssislər tərəfindən təşkil olunmasıdır. Bu, gənclərin yalnız elmi tədqiqatlarda və klinik praktikada deyil, həmçinin beynəlxalq standartlara cavab verə bilən elmi tədbirlərin təşkili və idarə olunmasında da aktiv rol oynadıqlarının göstəricisidir.
Gənc oftalmoloqların növbəti konfransı 30 oktyabr 2026-cı ildə Bakıda, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində keçiriləcək. Rəsmi sloqanı “Oftalmologiya və lazerlər” olan konfrans tanınmış oftalmoloq-alim, professor Nazim Əfəndiyevin xatirəsinə həsr olunacaq.
“GOK-2026” barədə əlavə məlumat əldə etmək üçün konfransın rəsmi veb saytına daxil ola bilərsiniz. https://tinyurl.com/genckom