Azərbaycan Qlaukomatoloqlarının VII konfransı

Hər il mart ayının ikinci həftəsi bütün dünyada “World Glaucoma Week” – Dünya Qlaukoma Həftəsi qeyd olunur. Bu beynəlxalq təşəbbüsün əsas məqsədi cəmiyyətin diqqətini görmə üçün ən təhlükəli xəstəliklərdən biri olan qlaukoma probleminə yönəltməkdir. Qlaukoma uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilən və müalicə olunmadığı halda geri dönməz görmə itkisinə səbəb olan xəstəliklərdəndir.

Məhz buna görə də dünyanın bir çox ölkələrində bu həftə ərzində maarifləndirici tədbirlər keçirilir, əhali arasında göz müayinələrinin əhəmiyyəti barədə məlumatlandırma aparılır və erkən diaqnostikanın görmənin qorunmasında həlledici rol oynadığı vurğulanır. Təşəbbüs Dünya Qlaukoma Assosiasiyası və Dünya Qlaukoma Pasiyentləri Assosiasiyası tərəfindən həyata keçirilir və onun əsas çağırışı sadə, lakin həyati əhəmiyyətlidir: “Vaxtında aparılan göz müayinəsi görməni xilas edə bilər”.

13 mart 2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Beynəlxalq “Qlaukoma Həftəsi” çərçivəsində Azərbaycan Qlaukomatoloqlarının VII konfransı keçirilib.

Konfransın keçirilməsində əsas məqsəd qlaukoma xəstəliyinin müasir diaqnostika və müalicə üsullarının müzakirəsi, bu sahədə əldə olunan son elmi nailiyyətlərin paylaşılması, həmçinin müxtəlif ölkələrdən olan mütəxəssislər arasında elmi və praktiki təcrübə mübadiləsinin aparılması olub.

Konfransda Azərbaycanla yanaşı Türkiyə, Hindistan, İsveçrə, Böyük Britaniya, Sinqapur və Rusiya Federasiyasından olan mütəxəssislər iştirak edib, həmçinin bəzi məruzəçilər tədbirə Zoom platforması vasitəsilə onlayn qoşulublar.

Konfrans Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elm üzrə direktor müavini, t.e.d., dosent Hicran Namazovanın giriş sözü ilə başlayıb.

Konfrans çərçivəsində Prof. Dr. Ümit Ekşioğlu, t.ü.f.d. Fidan Ağayeva, t.ü.f.d. Səbinə Məcidova, t.ü.f.d. Mətanət Əfəndiyeva, t.ü.f.d. Sona İbrahimova, t.ü.f.d. Gülnarə Məmmədova, Dr. Prasanna Vekantesh Ramesh, Prof. Tarek Shaarawy, t.ü.f.d., dos. Qurban İsmayılov, t.ü.f.d. Mirana Mirişova, t.ü.f.d. Fərəh Abdulləliyeva, t.ü.f.d. Lalə Axundova, Dr. Sevda Hümmətova, Prof. Keith Barton, Dr. Lalə Məmmədova, Dr. Claire Peterson, Dr. Məhərrəm Pirmətov, Prof. Aleksey Yeqorov, Dr. Günay Rüstəmbəyova, Dr. Günel Sayılova çıxış edərək öz elmi və praktiki təcrübələrini bölüşüblər.

Konfransın diqqət çəkən məruzələrindən biri Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin sədri Dr. Emin Əlihüseynli tərəfindən təqdim olunub. O, “Qlaukoma Cərrahiyyəsi Hallarında Klinik Qərar Dəstəyi Üçün Oftalmoassist və Google Gemini Süni İntellekt Sistemlərinin Müqayisəli Qiymətləndirilməsi” adlı məruzə ilə çıxış edib.

Dr. Əlihüseynli məruzəsində süni intellekt texnologiyalarının qlaukoma cərrahiyyəsi zamanı klinik qərarvermə prosesinə inteqrasiyasının vacibliyindən danışıb. O, qeyd edib ki, “OftalmoAssist” platforması Azərbaycan dilində fəaliyyət göstərən ilk tibbi süni intellekt alətidir və məqsədi həkimlərin diaqnostik qərarvermə prosesini elmi sübutlara əsaslanan məlumatlarla dəstəkləməkdir.

Tədbirin sonunda iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq istiqamətləri müəyyən edilib. Konfrans, həm elmi, həm də praktiki baxımdan Azərbaycan oftalmologiyasının inkişafına təkan verən əhəmiyyətli tədbir kimi dəyərləndirilib.