TCOD və KTOD-un birgə Beynəlxalq Oftalmoloji Konqresi

26-29 mart 2026-cı il tarixlərində Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərində oftalmologiya sahəsində regionun ən mühüm elmi hadisələrindən biri — Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyi (TCOD) və Kipr Türk Oftalmoloji Dərnəyinin (KTOD) birgə Beynəlxalq Oftalmoloji Konqresi keçirildi.

Konqresin açılış mərasimində TCOD sədri Prof. Dr. Öner Gelişken və TCOD-un fəxri sədri Dr. Sunay Duman giriş nitqi ilə çıxış edərək, Türk dünyası oftalmoloqları arasında elmi inteqrasiyanın və ortaq texnoloji platformaların yaradılmasının strateji əhəmiyyətini qeyd etdilər. Tədbirdə Türkiyə, Azərbaycan, Orta Asiya respublikaları və Rusiyadan gələn geniş nümayəndə heyətləri iştirak edərək, oftalmologiyanın müasir aspektləri üzrə təcrübə mübadiləsi apardılar.

Konqresin elmi sessiyasında Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin sədri Dr. Emin Əlihüseynli tərəfindən təqdim olunan “The Capabilities and Prospects of ‘OftalmoAssist’: The First Azerbaijani Language Artificial Intelligence Tool for Clinical Decision Support” mövzusundakı məruzə böyük maraqla qarşılandı.

Məruzədə Azərbaycan dilli oftalmoloji terminologiya əsasında hazırlanmış ilk süni intellekt (LLM-based) alətinin klinik effektivliyi barədə geniş məlumat verildi və tədqiqatın əsas elmi göstəriciləri həmkarlarımızın diqqətinə çatdırıldı.

Moderatorluq etdiyimiz sessiyalarda süni intellektin təkcə diaqnostikada deyil, həm də gənc oftalmoloqların təlimində və klinik qərarların optimallaşdırılmasında oynaya biləcəyi rol ətrafında geniş diskussiyalar aparıldı. Hədəfimiz, bu növ texnoloji həllərin ölkəmizdəki klinik praktikaya inteqrasiyasını sürətləndirmək və beynəlxalq elmi arenada Azərbaycanın texnoloji potensialını təmsil etməkdir.

Şimali Kipr konqresi, Türk dünyası oftalmologiyasının gələcəyini müəyyən edən rəqəmsal transformasiya addımlarının mühüm bir mərhələsi kimi yaddaşlara həkk olundu.