Miopiya Maarifləndirmə Həftəsi – 18–24 may 2026

Beynəlxalq Miopiya İnstitutunun ( International Myopia Institute – IMI) son tədqiqatlarına, o cümlədən işığın miopiyada roluna dair rəsmi hesabatına [1] əsaslanaraq, “Brien Holden Görmə İnstitutu” (BHVI) və “Review of Myopia Management” jurnalı Miopiya Maarifləndirmə Həftəsi üçün növbəti dəfə birgə əməkdaşlıq edəcəklər. Bu əməkdaşlıq miopiyanın erkən aşkarlanmasının, vaxtında müdaxilənin, eləcə də həyat tərzi ilə bağlı əsas amillərin xəstəliyin dünyada artan yükünün azaldılmasında mühüm rolunu vurğulamağı hədəfləyir.

Miopiya Maarifləndirmə Həftəsi 18–24 may 2026-cı il tarixlərində keçiriləcək. Builki şüar — “Erkən başla, görməni ömürlük qoru!” — erkən müdaxilə və profilaktikaya çağırışdır və müntəzəm göz müayinələrinə erkən yaşdan başlanılmasının vacibliyini ön plana çəkir. Maarifləndirmə çərçivəsində müntəzəm göz müayinələri ilə yanaşı, valideynləri, müəllimləri və səhiyyə işçilərini uşaqların gündə ən azı 2 saat müddətində açıq havada vaxt keçirməslərinin vacibliyini çatdırmaqdan ibarətdir.

Miopiya Maarifləndirmə Həftəsinə Necə Qoşulmalı?

Bu il biz üç əsas fəaliyyəti ön plana çəkirik:

  • Məktəb yaşlı uşaqlar üçün müntəzəm göz müayinələrinin təyin edilməsi;
  • Hər gün minimum iki-üç saat açıq havada vaxt keçirmənin təşviq edilməsi;
  • Əhalinin miopiya və onun göz sağlamlığına təsirləri haqqında məlumatlandırılması.

Biz göz həkimlərini, pedaqoqları, təşkilatları və fəalları öz şəbəkələri vasitəsilə əsas mesajları paylaşaraq bu hərəkata qoşulmağa dəvət edirik. İştirakı sadə və effektiv etmək üçün hazır qrafiklər, posterlər və tədris resurslarından ibarət ödənişsiz kampaniya alətlər dəsti kampaniya ərəfəsində istifadəyə veriləcək və saytda əlçatan olacaq.

Əgər klinikanız və ya təşkilatınız Miopiya Maarifləndirmə Həftəsinə dəstək olmaq və rəsmi kampaniya saytında qeyd edilmək istəyirsə, xahiş edirik buraya daxil olasınız.

Miopiyada Erkən Müdaxilənin Əhəmiyyəti

Miopiya getdikcə artan görmə qüsurudur və uşaqlarda görmə qabiliyyətinin zəifləməsinin əsas səbəbidir. [2] Araşdırmalara əsasən 2050-ci ildə dünya əhalisinin 50%-i, yəni yer kürəsində beş milyard insan bu problemdən əziyyət çəkəcək.  [3] Korreksiya olunmamış miopiya dünya miqyasında geri dönməz görmə itkisinin və görmə qüsurlarının əsas səbəblərindən biridir. [4]

Tədqiqatlar açıq havada vaxt keçirmənin miopiyanın yaranmasının qarşısını almaqda effektiv olduğunu göstərsə də, miopiya inkişaf etdikdən sonra onu idarə etmək və proqressivləşməsini ləngitmək üçün getdikcə artan sübutlar bazası və genişlənən müalicə üsulları mövcuddur.

Uşaqlar istər miopiyadan əziyyət çəksin, istərsə də çəkməsin, açıq havada vaxt keçirmək ümumi sağlamlıq üçün ciddi əhəmiyyət kəsb edir. 6 yaş və daha yuxarı uşaqlar, eləcə də miopiyası olmayan böyüklər üçün hər gün iki-üç saat açıq havada olmaq xəstəliyin qarşısını almağa və yaranmasını gecikdirməyə kömək edəcək. Əgər miopiya artıq mövcuddursa, göz həkimi uşağın ehtiyaclarına uyğun effektiv idarəetmə və müxtəlif müalicə variantları təklif edə bilər.

Erkən müdaxilə uşaqların görmə qabiliyyətində əhəmiyyətli fərq yarada bilər. Buna görə də, uşaqların görmə sağlamlığını əsas götürərək göz həkimi ilə müntəzəm müayinələrin həyata keçirilməsi, potensial problemlərin uşaqların görməsinə təsir etməyə başlamazdan əvvəl aşkar edilməsinə imkan verir.

 [1] Ashby R, Harb EN, Ostrin LA, et al. IMI: The Role of Light in Refractive Development and Myopia: Evidence from Animal and Human Studies. Invest. Ophthalmol. Vis. Sci. 2025;66(15):5. https://doi.org/10.1167/iovs.66.15.5.

[2] Mehta N, Wen A. Myopia: A Global Epidemic. Retina Today. September 2019.

[3] Holden BA, Fricke TR, Wilson DA, et al. Global Prevalence of Myopia and High Myopia and Temporal Trends from 2000 through 2050. Ophthalmology 2016;123(5):1036–42.

[4] Flaxman SR, Bourne RRA, Resnikoff S, et al. Global causes of blindness and distance vision impairment 1990–2020: a systematic review and meta-analysis. Lancet Glob Health 2017;5(12):e1221–e34.