Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) Gənc oftalmoloqlar (GO) Komitəsinin yaradılması barədə

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) Gənc oftalmoloqlar (GO) Komitəsinin yaradılması qərarı AOC İdarə heyətinin 24.02.2023-cü il tarixində keçirilən iclasında qəbul edilib. Avropa, Amerika və Türkiyədə nümunələri olan bu komitənin yaradılmasında əsas məqsəd gənc oftalmoloqlara peşəkar fəaliyyətlərində dəstək olmaq, ictimai aktiv və yaradıcı potensiala malik gənc mütəxəssisləri aşkara çıxarmaq, həmçinin komanda şəklində işləməyin gücünü və əhəmiyyətini dərk etmək üçün onları bir araya gətirməkdən ibarətdir.

GO komitəsinin yaradılmasının əsas təşəbbüskarı AOC sədri Prof. Elmar Qasımov olmuşdur. GO Komitəsinin koordinatoru AOC-nin İdarə heyətinin üzvlərinin qərarı ilə Dr. Emin Əlihüseynli təyin edilmişdir. GO komitəsinin formalaşdırılması və komitənin fəaliyyət planının hazırlanması üçün işçi qrup yaradılmış və bu qrupa Azərbaycanda və xaricdə gənc oftalmoloqlarla iş üzrə zəngin təcrübəyə malik olan məsləkdaşlarımız cəlb edilmişdir.

İşçi qrup tərəfindən GO komitəsinin loqosu, GO komitəsinin fəaliyyətini özündə ehtiva edən rəhbərlik, GO-la fikir mübadiləsi həyata keçirmək üçün Facebook və whatsapp qrupları yaradılmış, GO komitəsinə üzv olmaq üçün qeydiyyat forması hazırlanmışdır.

GO üzvlüyünə müraciət etmək üçün yaşınız 39-dan yuxarı və doğum tarixiniz 01.01.1984-cü ildən əvvəl olmamalıdır.

AOC GO komitəsinin rəhbərliyi ilə tanış olmaq üçün linkə tıklayın.

AOC GO üzvlüyünə qeydiyyat üçün linkə tıklayın.

GƏNC OFTALMOLOQLAR KOMİTƏSİ nə üçün lazımdır?

Gənc oftalmoloqlar komitəsinin əsas amalı gənc oftalmoloqlara hər cəhətli dəstək olmaqdır.

Məqsədlərimiz:

  • Azərbaycanda gənc oftalmoloqlarının kollektiv şəkildə işini təmin etmək;
  • Gənc oftalmoloqların gələcək karyeralarının inkişafı naminə milli və beynəlxalq təşkilatların idarəetmə orqanlarında, həmçinin elmi baxımdan aktiv rol ala bilmələri üçün şərait yaratmaq;
  • İxtisas hazırlığı zamanı və ondan sonrakı dövrdə ölkədə və xaricdə peşə hazırlığı, həmçinin elmi tədqiqatların aparılmasına dair təlimatlar vermək;
  • Regionlarda çalışan gənc oftalmoloqları komitənin işində aktiv iştirak etməyə sövq etmək;
  • AOC konqreslərində və gənc oftalmoloqlar konfransında gənclər üçün sessiyaları təmin etmək;
  • Azərbaycanın müxtəlif regionlarında və müxtəlif xarici ölkələrdə keçirilən konfranslarda çıxış edəcək gəncləri səhayət qrantları ilə təmin etmək;
  • Müxtəlif ölkələrdən olan gənc oftalmoloqlarla əməkdaşlığı və şəbəkələşməni təşviq etmək;
  • Yerli sertifikasiya imtahanında, həmçinin ICO imtahanı kimi peşəkar imtahanların müzakirəsi üçün platformanı təmin etmək;
  • Digər ölkələrin oftalmoloji cəmiyyətləri ilə əlaqələr qurmaq, birgə elmi və ictimai fəaliyyətlər təklif etmək;
  • Bakıda və regionlarda fəaliyyət göstərən müxtəlif oftalmoloji mərkəzlərlə spesifik xəstəliklərlə bağlı araşdırmalar üzrə iş birliyini
    təmin etmək və ortaq layihələr həyata keçirmək;
  • Gənc oftalmoloqların bilik və bacarıqlarını artırmaq, bu mövzuda məlumat axınına töhfə vermək üçün Azərbaycanda və xarici ölkələrdə fəaliyyət göstərən müxtəlif klinikalarda işləmək üçün onlara istiqamət vermək;
  • Gənc oftalmoloqların üzləşdiyi mübahisəli mövzularda məlumatlılığı artırmaq, dinləmək və müzakirə platforması yaratmaq.