Qərbi Nil virus retinopatiyası

Anamnezində hipotiroidizm, hiperlipidemiya və sol gözündə retinal vena şaxəsinin okkluziyası olan 76 yaşlı qadın təcili yardım şöbəsinə ani başlayan, ikitərəfli uçuşan bulanıqlıq şikayəti ilə müraciət etmişdi. Xəstə bundan əvvəl Qərbi Nil virusu meningiti diaqnozu ilə stasionara yerləşdirilmiş və venadaxili metilprednizolonla müalicə olunmuşdu.

Müayinə zamanı xəstə normal zehni vəziyyətdə və afebril idi. Okulyar müayinə zamanı sağ gözdə ön kamerada 3+ və şüşəyəbənzər cisimdə hüceyrələr, sol gözdə isə hüceyrə izləri və bulanıqlıq aşkarladı. Göz dibi müayinəsi optik diskdən xətt şəklində uzaqlaşan ikitərəfli xorioretinal zədə sahələri göstərdi (şək.1). Flüoressein angioqrafiyada bu zədə sahələri hədəf şəklində görünürdülər, mərkəzi hipoflüoressent sahələr hiperflüoressent həlqələr ilə əhatə olunmuşdu (şək.2).

QNV-na bağlı neyroinvaziv xəstəlik bu infeksiyaya yoluxan insanların 1 %-də inkişaf edir və ölüm tezliyi 10 % təşkil edir. Neyroinvaziv xəstəliyin inkişafı üçün risk faktorlarına ahıl yaş, bədxassəli törəmələr və orqan transplantasiya anamnezi daxildir. Digər tədqiqatlarda da kişi cinsli olmaq, kardivaskulyar xəstəlik, şəkərli diabet, hipertoniya, böyrək xəstəliyi və alkoqol istifadəsinə bağlı yaranan pozğunluqlar kimi xroniki xəstəliklərin əlavə risk faktorları olduğu göstərilmişdir.

QNV retinopatiyası şəkərli diabetin yüksək tezliyi və QNV ensefaliti anamnezi ilə assosiasiya olunmuşdur.

EyeNet. December, 2023.

Tərcümə etdi: Dr. Pərvin Ağayeva

pervin.guluzadeh@gmail.com