Optik Koherens Tomoqrafiya (OKT) Atlası Azərbaycan dilinə tərcümə edilib

Azərbaycan dilinə ilk dəfə tərcümə edilərək çap olunmuş Optik Koherens Tomoqrafiya (OKT) Atlası torlu qişa və makulanın OKT təsvirlərinin şərh olunmasını asanlaşdırmaq üçün xüsusi olaraq rənglərlə kodlaşdırılmış vizual təlimatdır. Bu atlas, klinik praktikada həkimlərin OKT görüntülərini daha sürətli və dəqiq interpretasiya etməsinə kömək edəcək şəkildə tərtib olunmuşdur.

Atlasın tərcümə edilməsi, yerli oftalmoloqların ana dilində elmi biliklərə daha rahat çıxışını təmin edərək, ölkədə oftalmologiyanın inkişafına mühüm töhfə verir.

Azərbaycan dilində belə bir fundamental və sistemli atlasın hazırlanması, oftalmologiyanın müasir diaqnostik metodlarının daha geniş yayılmasına və həkimlərin bilik səviyyəsinin artırılmasına böyük dəstəkdir.

Təlimat Azərbaycan dilinə Massaçusets Göz Tədqiqatları və Cərrahiyyəsi İnstitutunun elmi işçisi Pərvin Ağayeva tərəfindən tərcümə edilib. Layihəyə rəhbərlik Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin sədri Emin Əlihüseynli, layihəyə nəzarət Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin vitreoretinal cərrahiyyə bölməsinin müdiri t.ü.f.d. Xalid Əliyev, təlimatın elmi redaktəsi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin şəkərli diabetin göz fəsadları şöbəsinin mütəxəssisi İnarə Hacı tərəfindən həyata keçirilib.

Təlimatın nəfis şəkildə çapına göstərdiyi dəstəyə və 21 fevral 2025-ci il tarixdə keçirilən XVI Azərbaycan Gənc Oftalmoloqlar Konfransında iştirakçılara paylanmasına yaratdığı şəraitə görə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini t.e.d. Yazgül xanım Abdiyevaya təşəkkür edirik.

Gənclərin professional inkişafına daim dəstək olmasına və təlimata resenziya verdiyinə görə  Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri Professor Elmar Qasımova Gənc Oftalmoloqlar Komitəsi adından xüsusi minnətdarlığımızı bildirirk.

Yükləmək üçün tıklayın. OKT Atlası