
Azərbaycan Qlaukomatoloqlarının VI Konfransı
15 mart 2025-ci il tarixdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində “Dünya Qlaukoma Həftəsi” çərçivəsində Azərbaycan Qlaukomatoloqlarının VI Konfransı uğurla baş tutdu. Konfransda qlaukomanın müasir diaqnostikası və müalicə üsulları, cərrahi yeniliklər, həmçinin xəstəliklə mübarizədə qabaqcıl texnologiyaların tətbiqi barədə maraqlı məruzələr dinlənilərək, müzakirələr keçirildi.
Konfransın açılış mərasimində t.e.d. Hicran Namazova və t.ü.f.d. Cəmil Həsənov çıxış edərək tədbirin əhəmiyyəti haqqında danışdılar. T.ü.f.d. Cəmil Həsənov eyni zamanda Azərbaycan Qlaukomatoloqlar Cəmiyyətinin yaradılması barədə geniş məlumat verərək, cəmiyyətin yeni internet saytını təqdim etdi.
Konfrans dörd əsas hissədən ibarət idi. İlk üç hissədə yerli və xarici məruzəçilər innovativ mövzularda çıxış edərək, qlaukomanın erkən diaqnostikası, müalicə metodları və müasir texnologiyalar barədə dəyərli elmi məruzələri iştirakçıların diqqətinə çatdırdılar. Konfransın xüsusi qonağı olan dünya şöhrətli alim professor Keith Barton (Böyük Britaniya) öz sahəsindəki son yeniliklər və təcrübəsi ilə bölüşdü.
İkinci ildir ki, konfransın dördüncü hissəsində canlı cərrahiyyə nümayişi təşkil olunur. Bu il t.ü.f.d. Cəmil Həsənov tərəfindən neovaskulyar qlaukoma xəstəliyindən əziyyət çəkən pasiyentə “Paul” qlaukoma drenajının implantasiyası uğurla həyata keçirildi. Bu prosedur iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin sədri, Dr. Emin Əlihüseynli konfransın üçüncü sessiyasında moderator qismində iştirak etdi.
Konfransda Bakı və Azərbaycanın müxtəlif regionlarından 170 oftalmoloq iştirak etmişdir. Tədbir iştirakçılar üçün qlaukoma sahəsində yeni biliklər əldə etmək, təcrübə mübadiləsi aparmaq və beynəlxalq səviyyəli mütəxəssislərlə görüşmək üçün önəmli bir platforma oldu.
Konfransın əsas məqsədi dünya oftalmologiyasının aktual problemlərindən biri, geri dönməz görmə itkisinə səbəb olan qlaukoma xəstəliyi ilə mübarizə və görmənin qorunması istiqamətində müasir tendensiyaları oftalmoloqların nəzərinə çatdırmaq, həmçinin ictimaiyyəti bu məsələ ilə bağlı maarifləndirməkdən ibarət idi.