Uşaqlarda refraksiya patologiyasına həsr olunmuş vebinar
19 fevral 2021-ci il tarixdə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) vebinar toplantısı keçirildi. Toplantının mövzusu “Uşaqlarda refraksiya patologiyası” idi. Vebinarda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) idarə heyətinin üzvləri, oftalmologiya sahəsində respublikanın aparıcı mütəxəssisləri, həmçinin alimlər iştirak etdilər.
Vebinarda ölkəmizin oftalmoloqları ilə yanaşı, həm də qardaş Türkiyədən olan oftalmoloqlar – Türk Oftalmoloji Dərnəyinin Onursal Başkanı Dr. Sunay Duman və digər mütəxəssislər də iştirak etdi.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin cərrah oftalmoloqu, t.ü.f.d Nigar Həsənovanın moderatorluğu ilə keçirilən vebinarda 3 məruzə dinlənildi.
Vebinar zamanı Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin oftalmoloqları t.ü.f.d Dr. Nigar Həsənova – “COVİD-19 Pandemiyası zamanı onlayn distant təhsildə olan uşaqlar arasında rəqəmsal göz gərginliyi ”, Dr. Xuraman Ramazanova – “Uşaqlarda keratokonusun rastgəlmə tezliyi”, həmçinin Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin sədri, Dr. Emin Əlihüseynli – “Sumqayıt şəhərində yaşayan uşaqlar arasında refraksiya anomaliyalarının yayılma tezliyi” mövzusunda məruzələrlə çıxış etdilər.
Vebinar 50-dən artıq oftalmoloqun iştirakı ilə çox aktiv və dinamik şəkildə keçdi. Mövzu ilə əlaqədar suallar verildi. Dr. Sunay Duman, Dr. Hicran Namazova və Dr. Cəmilə Səmədova rəy və təkliflərini səsləndirdilər.