Akademik Z. Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş Beynəlxalq Elmi-praktik konfrans.
28 aprel 2024-cü il tarixində Bakı şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilmiş “Oftalmologiyanın müasir aspektləri” adlı Beynəlxalq Elmi-praktik konfrans keçirilib.
Hər il mütəmadi olaraq təşkil olunan konfransın keçirilməsində əsas məqsəd müasir oftalmologiya sahəsində baş verən yenilikləri konfrans iştirakçılarının diqqətinə tədqim edib, oftalmologiyanın aktual məsələləri üzrə müzakirələrin aparılmasından ibarətdir.
Konfransda Milli Oftalmologiya Mərkəzinin mütəxəssisləri ilə yanaşı respublikanın müxtəlif regionlarında çalışan oftalmoloqlar, həmçinin Türkiyə və Rusiyadan olan alimlər də oftalmologiyanın müxtəlif sub-ixtisaslarını əhatə edən mövzularla məruzələr etdilər.
Konfransı giriş sözü ilə mərkəsin direktoru Prof. Elmar Qasımov açdı. O, Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri barədə konfrans iştirakçılarının diqqətinə çatdırdı. Zərifə xanımın vaxtilə Azərbaycanda geniş yayılmış traxoma xəstəliyi ilə mübarizədə aktiv rolu, dünya təcrübəsində birincilər sırasında peşə xəstəliklərinin, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifi olması barədə məlumatlar verildi.
Konfransda t.ü.f.d. Yazgül Abdıyeva , t.ü.f.d. Lalə Axundova, Dos. Qurban İsmayılov, Dr. Aysel Əkbərova, Prof. Rasim Hacıyev, Prof. Olqa Selina, Dr. Dilarə Babayeva, Dr. Yevgeniya Kramarenko, Prof. Levent Akçay, Prof. Məltəm Söylev Bajin, Dr. Humay Bayramova, Dr. Günay Əliyeva, t.ü.f.d. Şəhla Əsədova , Dr. İmran Carullazadə , t.ü.f.d. Səbinə Məcidova , Dr. Könül Feyziyeva və Dr. Rövşən Rəcəbli tərəfindən məruzələr iştirakçıların diqqətinə təqdim edildi.
Konfrans zamanı Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin sədri Dr. Emin Əlihüseynli “Adenovirus konyunktivitlərinin müalicəsi: problemlər və həll yollarının axtarışı” mövzusunda məruzə ilə çıxış etdi.
Dostluq və qardaşlıq atmosferində keçən konfrans iştirakçılar tərəfindən yüksək qiymətləndirildi, yalnız xoş xatirələrlə deyil, eyni zamanda son elmi məlumatlarla yaddaşlara həkk olundu.