Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin XIII Regional konfransı.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) birgə təşəbbüsü ilə 10 may 2024-cü il tarixində Gəncə şəhərində XIII Regional konfrans keçirildi.

Konfransın keçirilməsində əsas məqsəd oftalmologiyada baş verən yenilikləri, oftalmologiyanın aktual məsələlərini müzakirə etmək, həmçinin region həkimlərinin bu konfranslarda iştirakını təmin edərək, onların peşəkar inkişafına dəstək olmaq, eləcə də regionlarda oftalmoloji təhsilin artırılmasına töhfə verməkdən ibarətdir.

Konfransda Bakı, Qobustan, Şəki, Gəncə, Göranboy, Yevlax, Bərdə, Ağstafa, Göyçay və digər rayonlardan oftalmoloqlar iştirak edirdilər.

Konfransı giriş sözü ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Prof. Elmar Qasımov açdı. 10 may – Ulu Öndər Heydər Əliyevin doğum gününə təsadüf etdiyindən konfransda Professor Qasımov ilk olaraq Ulu öndərin səhiyyə, xüsusilə oftalmologiya sahəsinə ayırdığı diqqətdən bəhs edib, onun həkimlər haqqında söylədiyi dəyərli fikirlərini iştirakçıların diqqətinə çatdırdı.

Daha sonra Prof. Elmar Qasımov Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətlərindən ətraflı məlumat verdi.

Konfransın elmi hissəsi moderatorlar- t.e.d., Hicran Namazova, t.ü.f.d. Rühəngiz Balayeva, t.ü.f.d Yazgül Abdıyeva, t.ü.f.d. Xalid Əliyev, t.ü.f.d. Lalə Axundova, dos. Qurban İsmayılov, Dr. Emin Əlihüseynli və t.ü.f.d. Qafar Tağıyev tərəfindən həyata keçirildi.

Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin sədri və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Gənc Oftalmoloqlar Komitəsinin koordinatoru Dr. Emin Əlihüseynli “AOC Gənc Oftalmoloqlar Komitəsi: Amal, məqsəd və məramlar” mövzusunda çıxış etdi. Çıxış zamanı Dr. Emin Əlihüseynli Azərbaycan oftalmologiyasında gənc mütəxəssislərə olan diqqət, gənclərin ictimai aktivliyi, qarşıda duran planlar barədə, həmçinin ölkəmizdə müasir oftalmologiyanın inkişafında gənclərin rolu haqda ətraflı məlumat verdi.

Konfransda həmçinin “Göz travmaları zamanı korluqla mübarizə”, “Gəncə şəhərində çəpgözlük diaqnozu ilə aparilan müayinə və müşahidələrin nəticələri”, “Mərkəzi serroz xorioretinopatiya”, “Anti- VEGF terapiyası və yaşa bağlı makula degenerasiyasının müalicəsində olan uğursuzluqların səbəbləri”, “AOC Gənc Oftalmoloqlar Komitəsi. Amal, məqsəd və məramlar”, “Göyçay rayonu üzrə konyuktivitin rast gəlmə tezliyi və differensial diaqnostikası”, “Katarakta əməliyyatından sonra quru göz sindromu” mövzularında məruzələr dinlənildi.