Düyünlü arxa sklerit

Anamnezində süd vəzi və qalxanabənzər vəzi xərçəngi olan 45 yaşlı qadın sol gözündə görmənin kəskin azalması şikayəti ilə müraciət etdi. Orbitanın ilkin KT təsviri təcili yardım otağında çəkilmiş və “metastaz üçün şübhəli kütlə” nəticəsi ilə tamamlanmışdı. Sağ gözdə görmə itiliyi 1.0, solda isə 0.1 idi. Ön seqment müayinəsi yüngül konyunktival xemozu nümayiş etdirdi. Gen bəbəklə göz dibi müayinəsində subretinal maye ilə birgə makulada xoroidal qabarma aşkarlandı (şəkil 1). Ultrasəs orta ilə yüksək daxili əksetmə qabiliyyətinə malik xoroidal zədə sahəsi müəyyən etdi (şəkil 2). OKT-də isə üzərində subretinal maye olan xoroidal qabarma izlənildi (şəkil 3A).

Xərçəngin inkişafını inkar etmək üçün döş, qarın və çanaq nahiyələrinin KT müayinəsi aparıldı. Xəstənin güclü xərçəng anamnezinə baxmayaraq, klinik görünüş və əlaqədar konyunktival xemoz mümkün iltihabi etiologiyanı düşündürdü. Oral prednizon (60 mq/gün) başlanıldıqdan sonra 1 həftə ərzində subretinal maye və xoroidal qabarma çəkildi (şəkil 3B), bu da xoroidal metastaza bənzəyən nəhəng düyünlü sklerit diaqnozunu təsdiq etdi. Prednizonun dozasının azalması ilə subretinal maye təkrarlandı ,daha sonra xəstəyə metotreksat başlanıldı və mükəmməl, uzunmüddətli stabilliklə 1.0 görmə bərpa olundu.

EyeNet. September, 2021.

 

Tərcümə etdi: Dr. Pərvin Ağayeva

pervin.guluzadeh@gmail.com