Fakolitik qlaukoma
65 yaşlı kişi sol gözündə 3 günlük, sürətli başlayan, ağrılı görmə itkisi anamnezi ilə müraciət etmişdi. O, həmçinin qeyd edirdi ki, 1 ildir ikitərəfli bulanıq görür və buna görə heç bir müalicə almayıb. Onun sağ gözündə görmə itiliyi 0,1, sol gözündə isə işıq duyğusu idi. Yarıqlı lampa müayinəsində sol gözdə konyunktival inyeksiya, buynuz qişanın ödemi və psevdohipopionlu dərin, ağ görünən ön kamera müəyyən olundu (şək.1.); GDT 42 mm c.st. idi. Qonioskopiya bulanıq olsa da yuxarı kvadrantda sinexiyasız açıq bucaq aşkarladı. Bu gözün B-skan müayinəsi vitriti, şüşəyəbənzər cismə qanaxmanı və torlu qişanın qopmasını istisna etdi. Sağ gözün müayinəsində yetişmiş kataraktadan başqa heç nə aşkarlanmadı (şək.2).
Xəstəyə fakolitik qlaukoma diaqnozu qoyuldu. Ona sistemik okulyar hipotenziv dərmanlar təyin olundu və sol gözdə kataraktanın ektrakapsulyar ektraksiyası və arxa kapsula GDL implantasiyası aparıldı. Daha sonra sağ gözə də GDL implantasiya olundu. Təqib zamanı sağ gözdə görmə itiliyi 0,8, sol gözdə isə 0,3 idi.
Fakolitik qlaukoma açıqbucaqlı qlaukomanın bir növü olub, ifrat yetişmiş, və ya Morqani kataraktasında büllur zülallarının makroskopik “bütöv” büllur kapsulundan ön kameraya sızması nəticəsində yaranır. Bu sızıntı trabekulyar şəbəkənin zülal yüklü makrofaqlar, yüksək molekulyar ağırlıqlı zülallar və iltihab hüceyrələri ilə tıxanmasına səbəb olur, bu da öz növbəsində GDT-nin yüksəlməsinə, psevdohipopiona və nadirən buynuz qişa ödeminə gətirib çıxarır.
EyeNet. October, 2023.
Tərcümə etdi: Dr. Pərvin Ağayeva