
“Hava yastığı” keratiti
11 yaşlı qız avtomobil qəzasından sonra hər iki gözdə ağrı və bulanıq görmə şikayəti ilə təcili yardım şöbəsinə gətirilmişdi. O, hava yastığı açılıb üzünə dəyəndə, ön sərnişin qoltuğunda oturubmuş.
Daxil olarkən onun korreksiya olunmamış yaxın görmə kəskinliyi sağ gözdə 0,25, sol gözdə isə 0,5 idi, lakin proparakain damızdırıldıqdan sonra 0,65 və 1,0-ə qədər artdı. Yarıqlı lampa müayinəsində hər iki gözdə yüngül konyunktival inyeksiya və buynuz qişa boyunca diffuz paylanmış, flüoresseini torşəkilli tutan buynuz qişa aşınmaları var idi (şəkil 1, 2). O, gündə 4 dəfə eritromisin məlhəmi və süni göz yaşı ilə müalicə edildi. İki gün sonrakı müşahidə zamanı onun ağrı və bulanıq görmə şikayətləri yaxşılaşmış, hər iki gözdə görmə kəskinliyi 1,0-ə qədər artmış və buynuz qişadakı eroziyalar sağalmışdı.
Hava yastıqları ilə bağlı göz zədələrinə buynuz qişa eroziyaları, göz qapağı travmaları və hifema daxildir. Xəstəmizdəki buynuz qişanın flüoresseinlə boyanma şəkli böyük ehtimal ki, toxunma neylon şəbəkədən düzəldilən hava yastığının birbaşa təsiri ilə əlaqədar idi. Hava yastığı açılanda neylon şəbəkədən natrium hidroksid tozu çıxa bilər və gözdə qələvi yanığı yarada bilər. Qələvi zədələnməsini göstərən klinik əlamətlər olmasa da, xəstənin gözləri 1 L fizioloji məhlul ilə yuyuldu, pH yoxlanıldı və hər iki gözdə neytral olduğu müəyyən olundu.
EyeNet. July, 2022.
Tərcümə etdi: Dr. Pərvin Ağayeva