
Tibbi dezinformasiyanın səbəb olduğu günəş retinopatiyası
Təxminən 30 yaşında olan kişi göz dibi mütəxəssisinə başqa bir göz həkimi tərəfindən yönləndirilmişdi. Əlamətlər – bilateral 0,5 səviyyəsində görmə itiliyi, yüksək dərəcəli miopiya, mərkəzi makulyar zədə sahələri və atrofik çapıqlaşma ilə xəlbirvari degenerasiya idi. Xəstə müxtəlif vaxtlarda əlləri ilə göz qapaqlarını məcbur açaraq bir neçə dəqiqə birbaşa günəşə baxdığını bildirdi. İlkin olaraq o, qeyd etdi ki, gərgin vizual stimulyasiya dini təcrübə ilə nəticələnmişdi və o, bunu davam etdirmək fikrindədir. Sonrakı görüşdə o, valideynlərindən birinin piqment retinitindən əziyyət çəkdiyini açıqladı və etdiyi hərəkətlərin bu xəstəliklə mübarizə məqsədini daşıdığını bildirdi. Xəstənin eyni aqibəti yaşamaq qorxusu onu normal müayinədən keçməyinə baxmayaraq, guya ki, qoruyucu tədbirləri araşdırmağa yönləndirib. Xəstə internetdə günəşə baxmağın bu xəstəlikdən qoruyacağını bildirən dezinformasiya ilə qarşılaşıb. O, 3 dəfə bu “ göz gücləndirən müalicə”ni tamamlayıb, bu da öz növbəsində makulada görünən 3 mərkəzi zədə sahəsinə uyğun idi. Xəstə bildirdi ki, bu müalicəni görməsi düzələnə qədər davam etdirmək niyyətindədir.
Klinik yanaşma xəstənin qorxusunun emosional kökünü tapmaq və idarə etmək üçün güvən yaratmağı və güclü terapevtik həkim-xəstə münasibətini daxil edən xəstə maarifləndirilməsinə diqqəti yönəltdi. Bu yanaşma son nəticədə müvəfəqiyyətli oldu. 7 il sonra xəstənin günəş şüaları ilə əlaqədar əlavə zədəsi yox idi.
EyeNet. June, 2022.
Tərcümə etdi: Dr. Pərvin Ağayeva