Retinal Astrositoma
34 yaşlı kişi sol gözünün görmə sahəsində 20 ildən artıq mövcud olan sentrosekal skotoma olduğunu bildirdi. Bundan savayı onun oftalmoloji xəstəlik tarixində diqqət çəkən başqa bir məqam mövcud deyildi. Həmçinin, xəstə bədəninin sidik kisəsi və böyrəklər də daxil olmaqla müxtəlif hissələrində böyüyən bir neçə xoşxassəli törəməyə görə xəstəxananın nevroloji şöbəsində tuberoskleroz xəstəliyinin araşdırıldığını da qeyd etdi.
Hər iki gözdə görmə itiliyi 1.0 idi və ön seqment müayinəsi heç nə aşkarlamadı. Göz dibinin müayinəsi zamanı xəstənin sol gözünün optik diskinin qarşısında yaxşı sərhədlənmiş, sarımtıl, yarı şəffaf tutabənzər zədə sahəsi müəyyən edildi ( şəkil 1). Zədələnmiş sahənin spektral-sahə OKT (SS-OKT) müayinəsi “güvə yemiş” optik boş sahələr aşkarladı (şəkil 2). Fundus autoflüoressensiya bu ovalşəkilli hipolusensiyaları hiperautoflüoressent kimi göstərdi və sərt törəmənin stroması retinal astrositoma üçün xarakterik bir patterndə izlənildi (şəkil 3). Hər iki gözdə başqa heç bir anormal tapıntı aşkar edilmədi. Xəstəyə böyük ehtimal tuberosklerozla əlaqədar olan tək retinal astrositoma diaqnozu qoyuldu. Zədələnmiş sahənin göz dibi fotoqrafiyası vasitəsilə qeydi aparıldı və şişin izlənilməsi üçün davamlı müayinə planlaşdırıldı.
EyeNet. May, 2022.
Tərcümə etdi: Dr. Pərvin Ağayeva