İOL optikasının xroniki açıq qalması
79 yaşlı kişi mütəmadi planlaşdırılan göz müayinəsinə 2020-ci il yayın sonunda müraciət etmişdi. Xəstənin müayinəsindən bir müddət keçmişdi və onun sağ gözündəki arxa kamera İOL-u buynuz qişanın əvvəldən mövcud olan perforasiyasından bayıra çıxmışdı.
Xəstə 2006-cı ildən nəzarətdə idi. Anamnezində 2013-cü ildə sağ gözdə, 2014-cü ildə isə sol gözdə aparılmış katarakta əməliyyatı barədə qeydləri var idi. 2015-ci ildə sağ gözündə mərkəzi retinal venanın okkluziyası inkişaf etmişdi (bu vaxt onun görməsi sadəcə əl hərəkəti idi), bu da öz növbəsində neovaskulyar qlaukomaya səbəb olmuşdu. Onun qlaukoması yaxşı idarə olunmurdu və həmin gözdə görmənin tam itməsinə gətirib çıxartmışdı. 2019-cu ildə xəstənin sağ gözündə “Serratia marcescens” keratiti ilə davam edən bulloz keratopatiya yaranmış və bu ilk növbədə gücləndirilmiş vankomisin və tobramisinlə, sonra isə – yaxma tobramisinə həssaslıq göstərdiyinə görə ancaq gücləndirilmiş tobramisinlə müalicə davam etdirildi. Növbəti mərhələdə sianoakrilat yapışqan tətbiqi tələb edən buynuz qişanın perforasiyası baş verdi. Bir müddət xəstə müayinələrə gəlmədi.
6 ay sonra 2020-ci ilin Avqustunda təkrar müayinəyə gələndə onun ilkin buynuz qişa perforasiyası Seidel neqativ, açıq qalmış İOL isə həmin yerdə fiksasiya olunmuşdu. Perioptik fibroza görə yarıqlı lampada yeri dəyişdirilə bilmədi. Hal hazırda xəstənin sağ gözündə işıq hissiyatı yoxdur, sol gözdə isə görmə 0,3-dür.
EyeNet. June, 2021.
Tərcümə etdi: Dr. Pərvin Ağayeva