Optik diskin melanositoması

Asimptomatik 72 yaşlı qadın sol gözün optik diskindəki melanositik kütlənin bədxassəli olub olmadığının dəyərləndirilməsi üçün göndərilmişdi. Müayinədə hər iki gözdə ən yaxşı korreksiya olunan görmə itiliyi 0.8 idi. Ön seqmentdə nəzərəçarpan əlamətlər yox idi və gözdaxili təzyiq normal idi. Funduskopiyada optik diskdə peripapilyar ödem və retinal eksudasiya olmadan qabarmış qəhvəyi-qara rəngli kütlə aşkarlandı (şəkil 1). Ultrasəs müayinəsində (USM) günbəzşəkilli hiperreflektiv zədə sahəsi (şəkil 2); spektral-sahə (SS) OKT-də qabarmış optik disk, optik çuxurluğun olmaması və dərin optikal kölgələnmə ilə hiperreflektiv kütlə (şəkil 3); flüoressein angioqrafiya (şəkil 4) və OKT angioqrafiyada (OKTA; şəkil 5) səthi telangiektatik damarlar və daxili axın; fundus autoflüoressensiyada isə hipoautoflüoressensiya izlənildi (şəkil 6).

Optik diskin melanositoması melanomaya çevrilmək riski az olan xoşxassəli törəmə olmağına baxmayaraq görmə disfunksiyasına səbəb olan damar ağırlaşmaları formalaşa bilər. USM və SS-OKT ilə multimodal görüntüləmə mümkün maliqnant transformasiyanı və ya yeni, görməni təhdid edən fəsadların yaranmasını aşkarlamaq və sənədləşdirməkdə kömək edir. OKTA səthi telangiektaziyalar, xoroidal neovaskulyarizasiya və retinal okkluziv xəstəlik kimi əlaqəli damar dəyişikliklərinin noninvaziv yolla aşkarlanmasında faydalı ola bilər.

EyeNet. May, 2021.

 

Tərcümə etdi: Dr. Pərvin Ağayeva

pervin.guluzadeh@gmail.com