Kəskin Arxa Multifokal Plakoid Piqment Epiteliopatiya

25 yaşlı kişi anamnezində 5 gündür hər iki gözdə artan bulanıqlıq, görmənin azalması və göz önündə üzən hissəciklər şikayəti ilə klinikaya müraciət etmişdi. O, bildirirdi ki, təxminən 1 ay əvvəl orta dərəcəli ishala səbəb olan ciddi virus infeksiyası keçirdib və ailə üzvləri də həmin xəstəliyə yoluxublar. Onun görmə itiliyi sağ gözdə 1,5 m məsafədə əl hərəkəti, sol gözdə 0.08, bilateral isə 0.1 idi.

Yarıqlı lampa müayinəsində bilateral arxa qütb boyunca krem rəngli xorioretinal ləkə ocaqları qeyd edilirdi (şəkil 1,2). OKT müayinəsində hər iki makulada sub-nevrosensor retinal maye (şəkil 3,4) və fluoressein angioqramda gec hiperfluoressensiya ilə erkən tıxanma olduğu aşkarlandı. Vitreo-retina və uveit mütəxəssisləri ilə konsultasiyadan sonra xəstəyə gündəlik 60 mq dozada 6 həftəlik azalan rejimlə oral prednizolon təyin edildi. Bu əlamətlər serebral vaskulitdə də rast gəlindiyi üçün xəstəyə MRT çəkildi. Ancaq nevroloji dəyərləndirmə neqativ oldu. Xəstənin görməsi 6 həftə ərzində əhəmiyyətli dərəcədə artaraq, növbəti müayinədə hər iki gözdə görmə itiliyi 0.9 oldu.

Bu xəstəyə retina piqment epitelinin iltihabi xəstəliyi olan kəskin arxa multifokal plakoid piqment epiteliopatiyası (KAMPPE) diaqnozu qoyuldu. Belə xəstələrin əksəriyyətində müalicə olmadan da simptomlar tədricən yaxşılaşır, ancaq təxminən 20 % hallarda altı aydan sonra belə davamlı əlamətlər qala və görmə itiliyi 0.5 və daha aşağı göstəricilərə düşə bilər.

EyeNet. January, 2021.

 

 Tərcümə etdi: Dr. Pərvin Ağayeva

pervin.guluzadeh@gmail.com