Nadir rast gəlinən hipofizar makroadenoma

49 yaşlı kişi sol gözündə 2 aydır davam edən temporal korluq anamnezi ilə müraciət etmişdi. O, görməsini mərkəzdən normal (nazal) və anormal (temporal) sahələrə ayıran şaquli xətt təsvir edirdi. ƏKGİ hər iki gözdə 1,0 idi. Xəstə iki gözü ilə də rəng görmə testindəki lövhələri düzgün müəyyən etdi. GDT normal, afferent bəbək defekti yox idi. Yüngül katarakta istisna olmaqla, yarıqlı lampa müayinəsində əlamətdar bir tapıntı müəyyən edilmədi. Göz dibi müayinəsi 0,3 çuxur disk nisbəti və çəhrayı, kəskin sinirlər ilə normal hüdudlar daxilində idi. Görmə sinirinin OKT müayinəsi hər iki göz üçün normal idi. 24-2 Humfrey görmə sahəsi (HGS) sol gözdə periferik temporal və mərkəzi qüsuru (şək.1), sağ gözdə normal görmə sahəsini (şək.2) göstərdi. HGS 10-2 müayinəsi isə sol gözdə şaquli meridianı kəsməyən mərkəzi defekt (şək.3) və sağ göz üçün normal görmə sahəsi (şək.4) nümayiş etdirdi. Kontrastlı yağ supressiya olunan aksiyal T2 (şək.5) və koronal STIR (şək.6) beyin MRT müayinələri türk yəhəri nahiyəsində 22x19x24 mm ölçülü, yuxarıya doğru uzanan və görmə çarpazını sıxan makroadenoma aşkarladı. Kütləni götürmək üçün xəstəyə transsfenoidal hipofiz rezeksiyası aparıldı və görmə sahəsi qüsuru tam düzəldi.

EyeNet. March, 2023.

Tərcümə etdi: Dr. Pərvin Ağayeva

pervin.guluzadeh@gmail.com