Piqment Epitelinin qopması ilə birgə xoroidal nevus

57 yaşlı qadın yerli optometrist tərəfindən sol gözdə aşkarlanan zədə sahəsinə görə okulyar onkologiya şöbəsinə göndərilmişdi. Xəstə hər iki gözünün görməsində yaxın vaxtlarda hər hansı bir dəyişiklik olmadığını bildirirdi. Sol gözdə ən yaxşı korreksiya olunan görmə 1.0, GDT isə 17 mm c.st. idi. Sol gözün yarıqlı lampa müayinəsində diqqətə çarpacaq əlamət yox idi. Ancaq göz dibi müayinəsi arxa qütbdə 12×10 mm ölçülü yastı, piqmentli xoroidal zədə sahəsi və onun üzərində 8x6x1,7 mm ölçülü, səthində və ətrafında çoxsaylı druzlar olan günbəzşəkilli piqment epitelinin qopmasını (PEQ)  aşkarladı (şək.1). Həmin nahiyənin spektral-sahə OKT müayinəsi xoroidal zədə sahəsini, üzərində PEQ və subretinal piqment epitelinin druzenoid yığıntıları ilə birgə nümayiş etdirdi (şək.2). Xəstəyə xoroidal nevus diaqnozu qoyuldu və 6 ay sonra təkrari müayinədə zədə sahəsinin stabilliyi müşahidə olundu.

Covid-19 pandemiyasına görə xəstə 2 il təqib olunmadı. Qayıdanda görmə qabiliyyətində hər hansı bir dəyişiklik olmadığını bildirdi. Sol gözdə ən yaxşı korreksiya olunan görmə itiliyi 1,0 və GDT 13 mm c.st. idi. Xoroidal nevus, üzərində eksudativ torlu qişa qopması olan 15,5x15x16,7 mm ölçülü xoroidal melanomaya bədxassəli transformasiya olunmuşdu (şək.3). Xəstəyə yodin-125 episkleral lövhə braxiterapiyası və törəmənin transvitreal biopsiyası aparıldı. Biopsiya bədxassəli melanoma hüceyrələrini təsdiqlədi və toxuma profilinin gen ekpressiyası sinif 1B nəticəsini verdi. Xəstə hələ təqibdədir və lövhə braxiterapiyasına müsbət cavab verir.

EyeNet. February, 2023.

Tərcümə etdi: Dr. Pərvin Ağayeva

pervin.guluzadeh@gmail.com