Xroniki Qranulomatoz Xəstəlik (XQX)

7 yaşlı, asimptomatik oğlan hər iki gözündə çoxsaylı “döyülmüş” xorioretinal zədə sahələrinə görə göndərilmişdi. Xəstə X ilə əlaqəli xroniki qranulomatoz xəstəliyə görə müalicə olunurdu. Onun hər iki gözündə görmə itiliyi 0,65 idi. Göz dibi şəkilləri (şəkil 1,2) bütün periferiya boyunca səpələnmiş kiçik atrofik xorioretinal zədə sahələri müşahidə edilirdi. Hər iki gözün makulyar OKT-sində dəyişiklik yox idi. Göz dibi autoflüoressensiyası səpələnmiş xorioretinal çapıqların hipoautoflüoressensiyasını göstərdi (şəkil 3), flüoressein angioqramda isə zədə sahələrinin hiperflüoressent boyanmasını, ancaq aktiv xəstəliyi göstərən heç bir vaskulyar sızıntı olmadığını aşkarladı (şəkil 4).

XQX xəstələrində atrofik xorioretinal zədə sahələri bildirilmişdir. Fərqli klinik hallar seriyasında rastgəlmə tezliyi 12,5 %-lə 100 % arasında dəyişmişdir, ancaq daha geniş araşdırma rastgəlmə tezliyinin 1,9 %-ə yaxın olduğunu aşkarlamışdır1. Bu zədələnmiş sahələrin patogenezi qeyri-müəyyən olaraq qalır, lakin bu xəstələrin xorioretinal zədə sahələrində bakterial DNT aşkar edilmişdir ki, bu da öz növbəsində mümkün səbəb kimi septik emboliyanı düşündürür2. Həmçinin bu zədə sahələri əvvəllər aktiv olan xoroidal qranulomaları, və ya infeksion səbəb kontrola alındıqdan uzun müddət sonra belə iltihabi reaksiyaya səbəb olan steril absessləri göstərə bilər.

Aktiv xəstəlik vəziyyətində, bu xorioretinal zədə sahələrinin mümkün yoluxucu etiologiyasını nəzərə alaraq, bakteremiyanı dəyərləndirmək və uyğun müalicə aparmaq çox vacib olardı. Bununla belə, bu xəstədə hər hansı aktiv xəstəlik sübutu olmadığı üçün, xəstəliyin proqressiyasını izləmək məqsədi ilə intervallarla, gen bəbəkdə göz dibi müayinələri planlaşdırıldı.

1. van den Berg JM və b. PloS One. 2009; 4(4):e5234.

2. Kim Sj və b. Retina. 2003; 23(3): 360-365.

EyeNet. January, 2023.

Tərcümə etdi: Dr. Pərvin Ağayeva

pervin.guluzadeh@gmail.com