Periorbital dərialtı emfizema

79 yaşlı qadın ayaqüstü vəziyyətdən yıxıldıqdan sonra aydın nəzərə çarpan sağ periorbital ödemə görə müayinə olundu (şəkil 1). Bildirildi ki, sağ gözünün ətrafındakı şişkinlik zədədən qısa müddət sonra üst dişlərinin dişəti xətti boyunca yaranan şişliyə basdıqda meydana gəlib. Kompyuter tomoqrafiyada sağ əng sümüyü və xəlbir səhifənin yerdəyişmiş sınığı və periorbital dərialtı emfizema aşkarlandı (şəkil 2A, 2B). Sonuncu vəziyyət xəstə fınxırarkən yaranıb. Orbital periostal toxuma sınıqdan zədələnmədiyinə görə hava dərialtı toxumalara yayılıb. Periorbital dərinin bu “qabarcıq sarğılı” görünüşü narahat edici və kosmetik olaraq istənilən olmasa da, dərialtı yayılma bir neçə gün ərzində sorulduğuna və görmə sisteminə hər hansı qalıcı zədə vermədiyinə görə digər alternativə baxanda daha arzuolunandır. Xəstənin görməsi və ekstraokulyar hərəkətliliyi zədələnməmişdir.

Paranazal sinuslara təsir edən sınıqlardan sonra burun boşluğu ilə göz yuvası arasında yaranan davamlılığa görə burun fınxırma vaxtı havanın göz yuvasına yüksək təzyiqlə itələnməsindən orbital emfizema meydana gələ bilər. Burundaxili təzyiq intraorbital təzyiqdən aşağı düşdükdən sonra selikli qişa giriş nöqtəsini bağladığı üçün hava birtərəfli klapan mexanizmi ilə göz yuvasında tutulur. Ağır hallarda, sıxılmış hava “orbital kompartment” sindromuna səbəb ola bilər. Fınxırma orbital sınıqlardan sonra tez-tez baş verir, çünki adətən bu cür xəsarətlərlə burun qanaması və burnun selikli qişasının tıxanıqlığı müşayiət olunur. Paranazal sinusları əhatə edən orbital sınıqları olan xəstələrə həmişə zədədən sonra ən azı dörd həftə fınxırmaqdan çəkinmələri tövsiyə edilməlidir.

EyeNet. September, 2022.

Tərcümə etdi: Dr. Pərvin Ağayeva

pervin.guluzadeh@gmail.com