Tor qişanın və piqment epitelin kombinə olunmuş hamartoması
24 yaşlı qadının sağ gözündə görmə itiliyi vahid, sol gözündə isə 0.5 təşkil edir. Onun sol gözünə makulyar nahiyyənin toksoplazma mənşəli çapığı diaqnozu qoyulub və çəpgözlüyün aradan qaldırılması üzrə əməliyyat həyata keçirilib. Göz dibinin müayinəsi zamanı sol gözdə tor qişanın qabarmasına səbəb olmuş və makulyar nahiyyəni cəlb etmiş bozumtul infiltrat qeyd edilir. Tor qişa damarları qıvrımdır. Həmçinin tor qişanın piqment epitelinin hiperpiqmentasiyası və epiretinal membran müşahidə edilir. Sağ gözün strukturları norma hüdudundadır.
3-D flüoressein angioqrafiyası zamanı göz dibində-epiretinal membran, tor qişa damarlarının qıvrılmasına səbəb olan traksiyası və tor qişanın piqment epitelinin hiperpiqmentasiyası aşkar olundu (hiperflüoressensiya sahəsi ilə əhatə olunmuş yüngül dərəcəli foveolyar hipoflüoressensiya).
Xəstəyə tor qişanın və piqment epitelinin kombinə olunmuş hamartoması diaqnozu qoyuldu. Hamartoma xoşxassəli törəmələrə aid olub, bu xəstəlik zamanı görmənin ciddi və daimi itirilməsi müşahidə olunur. Kombinə olunmuş hamartomanın differensial diaqnostikası – göz dibində piqmentasiya ilə müşahidə olunan infiltratlarla, tor qişanın qabarması, tor qişa damarlarının qıvrılması və qlial proliferasiya ilə müşahidə olunan epiretinal membranla, xorioidal nevus və melanoma ilə, həmçinin tor qişanın piqment epitelinin hipertrofiyasına səbəb olan digər şişlərlə həyata keçirilməlidir.