Orbita/Okuloplastika – Sual 6

Carolyn Kloek, M.D. | Massachusetts Eye and Ear Infirmary

Tərcümə etdi: Dr. Firəngiz İbrahimova
e-mail: fibrahimova511@gmail.com

İlk müraciət zamanı kliniki görünüşü.

1-ci şəkildəki törəmənin biopsiyasının pato-histoloji təsviri (hematoksillin-eozinlə boyanıb).

Anamnez

49 yaşlı kişi konyunktivanın yavaş – yavaş böyüyən şişkinliyindən şikayətlənir.

Suallar və cavablar
1. Sizin diaqnoz nədir?
Cavab:

Konyunktivanın yastı hüceyrəli xərçəngi.

2. Bu vəziyyətə xas kliniki və histopatoloji əlamətlər hansılardır?
Cavab:

Konyunktivanın yastı hüceyrəli xərçəngi qapaqlararası yarıqda, limbə bitişən, ətli şişkinlikdir. Törəmə nahiyyəsinin səthində  leykoplakiya, ağ ərp  müşahidə oluna bilər. Tez-tez şişə doğru uzanan genişlənmiş, yoğun konyunktival damarlara rast gəlmək olar.

Histopatoloji olaraq konyunktivanın yastı  hüceyrəli xərçəngi konyunktiva epitelinin bütün qatlarını  əhatə edən neoplaziya olub, bazal membranı alt qata sıxışdırır. Yastı hüceyrəli xərçəngin sələfi olan  konyunktival intraepitelial neoplaziya (KIN), konyunktiva epitelinin  qalınlığının bir qismini əhatə edir və bazal membrana nüfuz etmir. Müalicə edilmədikdə, KIN çox vaxt invaziv yastı hüceyrəli xərçəngə çevrilir. Leykoplakiya konyunktiva epitelinin hiperkeratozu, diskeratozu və parakeratozudur.

3. Bu törəmənin etiologiyası nədir?
Cavab:

Konyunktivanın yastı hüceyrəli xərçənginin etiologiyası çox amillidir. Konyunktivanın yastı hüceyrəli xərçənginin rast gəlmə tezliyi ilə ultrabənövşəyi şüalanmaya məruz qalma arasında  asılılıq müəyyən olunmuşdur. Bu əlaqə konyunktivanın yastı hüceyrəli xərçənginin adətən qapaqlararası yarıqda, konyunktivanın daha çox işığa məruz qalan hissəsində əmələ gəlməsi ilə sübut olunur.

İnsan papilloma virusunun (16 və 18-ci ştammlar) uşaqlıq boynunun yastı hüceyrəli xərçəngində olduğu kimi bəzi şəxslərdə, xüsusən də proses ikitərəfli  olduğu halda konyunktivanın yastı hüceyrəli xərçənginin inkişafında rol oynadığı düşünülür.

İmmun çatışmazlığı olan xəstələrdə, xüsusən də QİÇS-ə yoluxmuş xəstələrdə konyunktivanın yastı hüceyrəli xərçənginin rastgəlmə tezliyinin artması müşahidə edilmişdir. Gənc yaşlı şəxslər konyunktivanın ikitərəfli yastı hüceyrəli xərçəngi ilə müraciət etdikdə, immun çatışmazlığından şübhələnmək lazımdır.

4. Bu vəziyyətin kliniki gedişi necədir?
Cavab:

Konyunktivanın yastı hüceyrəli xərçəngi  çox vaxt səthi  yayılır, konyunktiva stromasına və buynuz qişanın epitelinə nifuz edir. Əgər uzun müddət müalicə olunmazsa, şiş skleraya, ön kameraya və/və ya orbitaya da  daxil ola bilər. Metastazlar müşahidə oluna bilər. Adətən əvvəlcə regional limfa düyünlərinə təsir edir, sonra isə uzaq orqanlara yayılır.

5. Hansı müalicə üsulları mövcuddur?
Cavab:

Yastı hüceyrəli xərçəngdən şübhələndikdə  konyunktivanın zədələnmiş nahiyələrinin eksisizyon biopsiyası məsləhət görülür. Konyunktivanın zədələnmiş nahiyəsi normal konyunktivanın geniş haşiyəsi (ən azı 4 mm) və altındakı skleranın nazik təbəqəsi ilə birlikdə kəsilməlidir. Rezeksiyanın kənarlarında qalan şiş hüceyrələrini məhv etmək məqsədilə krioterapiya tətbiq oluna bilər. Əgər törəmə buynuz qişaya yayılarsa, buynuz qişanın epitelini Boumen qatına qədər soymaq üçün  spirt epitelektomiyasından istifadə etmək olar.

Əgər törəmə qismən kəsilərsə və ya ilkin kəsilmədən sonra  residiv qeyd edilərsə, əməliyyatdan sonra qalıq intraepitelial zədələnmənin  müalicəsi üçün mitomisin-C və ya 5-fluorurasil ilə əlavə terapiya tətbiq edilə bilər. Xəstəlik daha da  dərinləşərsə və ya təkrarlanarsa, cərrahi rezeksiya tətbiq olunur. Əgər  gözdaxilinə və ya orbitaya  yayılarsa, çox vaxt orbital ekzenterasiya tövsiyə olunur.

Cavablara bax