Qlaukoma – Sual 7

Lini Bhatia, M.D. | MEEI
Teresa Chen, M.D. | MEEI

Tərcümə etdi: Dr. Nurlana Quliyeva
e-mail: dr.n.quliyeva@gmail.com

Şəkil 1

Şəkil 2. Haab zolaqları.

Anamnez

Sol gözündə yaşaxma şikayəti olan 3 aylıq oğlan uşağının göz daxili təzyiqi həmin gözdə 48 mm.c.st. olduğu qeydə alınmışdır (Şəkil 1).

Suallar və cavablar
1. Bu hal qlaukomanın hansı tipidir?
Cavab:

Birincili anadangəlmə qlaukoma. İnfantil qlaukoma.

2. Bu xəstəliyin patofiziologiyası necədir?
Cavab:

Embrioloji dövrdə sinir darağından ön kamera bucağının formalaşmasında iştirak edən hüceyrələrin miqrasiya və inkişaf pozğunluğudur. Bucağın strukturunda olan bu qüsur göz daxili təzyiqin (GDT) yüksəlməsinə gətirib çıxarır.

3. Dessemet qatında olan şırımlar necə adlanır? Bu şırımlar doğuş travması zamanı əmələ gələn şırımlardan nə ilə dfərqlənir?
Cavab:

Haab zolaqları. Onlar horizontal və ya konsentrik, tək və ya çoxsaylı olub, buynuz qişada paralel şəkildə görünür. Bu şırımlar Dessemet qatının yarılaraq maye ilə dolması nəticəsində əmələ gəlir (Şəkil 2). Doğuş travması zamanı isə əksinə maye yığılmış bu zolaqlar vertikal və ya çəp istiqamətdə yerləşir.

4. Klassik əlamətləri nədir?
Cavab:

3 klassik simptom – epifora, fotofobiya və blefarospazm şikayətləri olur. Digər əlamətlər və simptomlar əsasən göz daxili təzyiqin yüksəlməsi ilə bağlıdır. Xəstələrdə buftalm, buynuz qişa diametrinin genişlənməsi, korneal ödem, Haab zolaqları, proqressiv miopiya, həmçinin görmə sinirinin dərinləşməsi və bucaq anomaliyaları da müşahidə olunur. Küt travmalar nəticəsində belə gözlərdə cırılmış yaralar ola bilər.

5. İrsi ötürülmə necədir?
Cavab:

Çox hallarda sporadik olur. Poligenik formada ötürülmə ola bilər. 10-40% hallarda autosom resessivdir.

6. Qonioskopik görüntüsü necədir?
Cavab:

Anadangəlmə qlaukoma zamanı qüzehli qişanın klassik önə qabarması, səthi yerləşmiş trabekulyar şəbəkə, skleral mahmız və kiprikli cisim zolağı nahiyəsində qatların bulanıq olması nəzərə çarpır. Ön kamera bucağı adətən açıq olur.

7. Differensial diaqnozu necədir?
Cavab:

Differensial diaqnoz nazolakrimal kanalın tutulması, meqalokornea, doğuş travması, sklerakornea, anadangəlmə irsi korneal distrofiya, keratit, aksial miopiya, mukopolisaxaridoz, sistinoz və tirozinemiya ilə aparıla bilər.

8. Belə xəstələrdə hansı müayinələr aparılmalıdır?
Cavab:

Belə halda müayinələrə ətraflı ümümi  tibbi baxış və göz müayinələri daxil edilir. Xüsusilə diqqət buynuz qişanın diametrik ölçülərinə, sikloplegik refraksiya və qonioskopiyaya yönəldilməlidir. Lazım gələrsə müayinə ümumi anesteziya altında aparıla bilər.

9. Müalicə son olaraq nə ilə tamamlanmalıdır?
Cavab:

Son müalicə cərrahi əməliyyatdır. Görmə sinirinin dərinləşməsi ancaq ilkin etaplarda geriyə dönən olur. Qoniotomiya buynuz qişası hələ bulanmamış uşaqlarda aparıla bilər. Buynuz qişası bulanmışlarda isə trabekuloektomiya və xaricdən müdaxilə aparılır. Bunlar da mümkün olmasa cərrahi üsulla filtrasiyanın yaradılması, implant mikroşuntlama və siklodestruksiya kimi əməliyyatları icra etmək olar. Dərman müalicəsi isə cərrahi müdaxiləyə qədər müvəqqəti olaraq göz daxili təzyiqin endirilməsinə yönəldilir.

Cavablara bax