Orbita/Okuloplastika – Sual 9
Şəkil 1. 42 yaşlı kişi yeddi gündür sol medial kantusun yaxınlığında eritema və ağrıdan şikayət edir.
Şəkil 2. Eyni xəstəlikdən əziyyət çəkən pasiyent müalicədən sonra.
42 yaşlı kişi 7 gündür sol medial kantus yaxınlığında eritema və ağrıdan şikayət edir.
Fotoşəkildə kəskin dakriosistit, və ya gözyaşı kisəsinin iltihabı göstərilib. Ağrı və qızartı getdikcə artıb. Demək olar ki, hər zaman epifora olur, gözyaşı pərdəsinin pozulması görmə itiliyini azalda bilər. Lakrimal kisə nahiyyəsinə təzyiq etdikdə göz yaşı nöqtəsindən irinli ifrazat xaric olur. Rozenmüller klapanı reflüksün qarşısını ala bildiyi üçün, bu həmişə baş vermiyə bilər. Qızdırma və halsızlıq ola bilər. Bundan fərqli olaraq xroniki dakriosistit epifora və daha yüngül iltihab ilə müşayiət olunur. Yadda saxlamaq lazımdır ki, uşaqlarda ensefaloseli/meninqomieloseli göz qapağının medial törəmələrindən fərqləndirmək lazımdır.
Nazolakrimal kanalın tıxanması yaş kisəsində göz yaşı durğunluğunu yaradır və bu öz növbəsində infeksiyaya səbəb olur. Qazanılmış nazolakrimal kanal tıxanmasının (və ya stenozunun) səbəblərinə iltihabi xəstəliklər, üz nahiyyəsinin zədəsi, şiş, burun və xəlbir sümüyünün digər xəstəlikləri aiddir. Ancaq əksər hallarda idiopatikdir. Şəkil 1-də göstərilən xəstədə sarkoidoz var.
Adətən konyunktivanın qram-müsbət florası – stafilokok və streptokoklar əsas törədicilərdəndir. E. coli, pseudomonas və digər qram-mənfi orqanizmlər, həmçinin az hallarda göbələk infeksiyası aşkarlana bilər. Anamnezində burun ətrafı ciblərin xroniki xəstəliyi, immun çatışmazlığı, diş infeksiyası, əvvəllər üz nahiyyəsində keçirilmiş əməliyyatlar və s. olan xəstələrdə anaerob və qram-mənfi bakteriyalar da qoşula bildiyi üçün daha geniş spektirli antibiotiklərdən istifadə oluna bilər.
Preseptal sellülit və konyunktivit daha çox rast gəlinən ağırlaşmalardandır. Gözyaşı kisəsindən dəri fistulaları əmələ gələ bilər. Daha az rast gəlinən, lakin daha ağır ağırlaşmalara orbital sellülit və sepsis daxildir.
Bütün xəstələrə isti kompreslər, gözyaşı kisəsinin masajı və ağrıkəsicilər kömək edir. Əksər hallarda amoksisillin-klavulanat kimi oral antibiotiklər təyin edilir. Anamnezdə müəyyən səbəb göstərildiyi halda (əvvəlki travma), kompüter tomoqrafiyası nazolakrimal kanal tıxanmasının səbəbini aydınlaşdırmaq üçün faydalıdır. Uşaqlar və orbital sellülit şübhəsi olan hər kəs venadaxili antibiotiklər yeridilməsi üçün xəstəxanaya yerləşdirilməlidir. Şişkin və ya sağalmayan abses (məsələn, Şəkil 1-də olduğu kimi) yarılmalı, drenaj edilməli və sağalmasına şərait yatadılmalıdır. ( Şəkil 2-də göstərilən xəstəyə antibiotik təyin edilmişdi). Cərrahi müalicə lazım olduqda nəzərə almaq lazımdır ki, irinli yığıntı iki fərqli yerdə müşahidə oluna bilər – biri dərinin altında, digəri isə gözyaşı kisəsinin daxilində. İnfeksiyanı aradan qaldırmaq üçün hər ikisi drenaj edilməlidir. Kəskin infeksiya zamanı lakrimal sistemin zondlanması əks göstərişdir. Kəskin infeksiya aradan qaldırıldıqdan sonra nazolakrimal kanalın obstruksiyasını düzəltmək və gələcəkdə dakriosistitin təkrar yaranmasının qarşısını almaq üçün dakriosistorinostomiya (DSR) əməliyyatı tövsiyyə olunur. Anamnezində quru göz sindromu olan və əvvəllər yaşaxma şikayəti olmayan yaşlı xəstələr cərrahi əməliyyata uyğun namizədlər hesab olunmurlar. Onlarda dakriosistektomiya DSR əməliyyatına alternativ hesab edilə bilər. Qazanılmış (anadangəlmə olmayan) GYBK okklyuziyası olan gənc xəstələrdə DSR əməliyyatı zamanı burun boşluğunun müayinəsi, ehtiyac olarsa KT müayinəsi və gözyaşı kisəsinin biopsiyası daxil olmaqla etiologiyanın axtarışı aparılmalıdır.