Qlaukoma – Sual 1

Yichieh Shiuey, MD
Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School

Şəkil 1
Şəkil 1-2. Yuxarıdakı şəkil sol gözündə göz daxili təzyiqi 30 və sağ gözündə 20 mm c.st. olan 70 yaşlı kişiyə məxsusdur. Aşağıdakı şəkil həmin xəstənin sol gözünün qonioskopik təsviridir.

Şəkil 2

Suallar və cavablar
1. Diaqnozunuz nədir?
Cavab:

Psevdoeksfoliativ sindrom. Bu xəstədə psevdoeksfoliativ sindroma məxsus büllurun ön kapsulunda fibrilyar materialın toplanması müşahidə edilir. Bu sindrom gözdaxili təzyiqin artması və qlaukoma ilə müşahidə olunur.

2. Xəstəliyin epidemiologiyası barədə nə deyə bilərsiniz?
Cavab:

Bu xəstəlik birtərəfli və ya ikitərəfli ola bilər. Qlaukoma ilə müştərək müşahidə olunan psevdoeksfoliativ sindrom əksər hallarda birtərəfli olur. Xəstəlik yaşlı şəxslərdə daha çox təsadüf edilir və yaşı 70-dən yuxarı olanlarda daha da çox rast gəlinir. Skandinaviya ölkələrində açıq bucaqlı qlaukomaların 50%-i psevdoeksfoliativ sindromla müşahidə edilir.

3. Bu vəziyyət üçün qonioskopik müayinənin nəticələri hansılardır?
Cavab:

Bucaq açıqdır, ancaq dar ola bilər. Əksər hallarda trabekulyar şəbəkənin qeyri müntəzəm hiperpiqmentasiyası müşahidə olunur. Həmçinin, Schwalbe xəttindən öndə  hiperpiqmentasiyali piqment zolağı görünə bilər.

4. Bu vəziyyətin patofiziologiyası barədə nə deyə bilərsiniz?
Cavab:

Xəstəliyin patogenezi naməlum olsa da, onu sistem bazal membran pozğunluğu kimi qəbul edirlər. Histokimyəvi xüsusiyyətlərinə görə fibrilyar material amiloidlə eynidir. Qlaukomanın səbəbi isə ön kamera bucağının mexaniki olaraq fibrilyar materialla tutulmasıdır.

5. Bu xəstəni siz necə müalicə edərdiniz?
Cavab:

Birincili açıq bucaqlı qlaukoma ilə müqayisədə psevdoeksfoliativ sindrom müalicəyə pis tabe olur. Buna baxmayaraq medikamentoz müalicə yenə də həyata keçirilməlidir. Psevdoeksfoliativ sindrom zamanı lazer trabekuloplastikası daha effektivdir.Əgər medikamentoz və lazer müalicəsi effekt verməzsə, o zaman trabekulektomiya daha effektiv olur.

6. Əgər bu xəstədə görməyə təsir edəcək səviyyədə katarakta inkişaf edərsə, katarakta əməliyyatı zamanı hansı hallar nəzərə alınmalıdır?
Cavab:

Psevdoeksfoliativ sindrom bullur bağlarının zəifləməsi ilə müşahidə olunduğundan, katarakta əməliyyatı zamanı kapsulun cırılması və şüşəvari cismin itirilməsi kimi ağırlaşmaların baş vermə riski artır.

Cavablara bax