Tor qişa/Uveitlər – Sual 9
Şəkil 1.
Şəkil 1-2. 41 yaşlı kişi sağ gözündə bulanıq görmə şikayəti ilə müraciət etmişdir. Onun görmə itiliyi OD-0.2 və OS-1.0 (v). Şəkil 1 və 2 müvafiq olaraq onun sağ və sol gözlərinin görüntüsüdür.
Şəkil 2.
Şəkil 3.
Dirsək çuxuru üzərində “portağal qabığı” görüntülü kövşək dəri.
Ən çox ehtimal olunan diaqnoz elastiki psevdoksantoma ilə əlaqəli angioid zolaqlardır. Diferensial diaqnostikaya yaşla əlaqədar makulyar degenerasiya, damarlı qişa sklerozu, miopik lak çatları, travmatik qanaxma və damarlı qişa yırtığı daxildir.
Elastiki psevdoksantoma, Pecet xəstəliyi və hemoglobinopatiyalarda ən çox angioid zolaqlara rast gəlinir. Elastiki psevdoksantomanı istisna etmək üçün angioid zolaqları olan bütün xəstələrdə dəri sınaqları, hətta kliniki olaraq aydın dəri nahiyələri olmayan xəstələrdə də nəzərə alınmalıdır. Dəri biopsiyası ilə dəqiq diaqnozun əldə edilməsi vacibdir, çünki elastiki psevdoksantoma xəstələrində mədə-bağırsaq qanaxması, kəllədaxili anevrizmalar, beyin işemiyası və ya serebrovaskulyar zədələnmələr kimi həyati təhlükəsi olan problemlər ola bilər. Elers-Danlos sindromu olan bir ailədən olan bir neçə xəstədə angioid zolaqlarının olduğu bildirilmişdir. Angioid zolaqlara bir çox digər sistem xəstəliklərində də rast gəlmək olar, lakin onlar təsadüfi tapıntılar kimi ola bilər.
Angioid zolaqlar Brux membranında xətti çatlar nəticəsində yaranır. Onlar qeyri-müntəzəm, miləbənzər əyri-xətli zolaqlardır və peripapilyar nahiyyədən bütün istiqamətlərdə periferiyaya yayılır. Onlar retinanın altında və xorioideya damarlarının üzərində yerləşirlər.
Angioid zolaqları olan xəstələrdə adətən vəziyyətin başlanğıcı əlamətsiz olur, lakin tədricən görmə itiliyi azalır. Piro və başqaları xəstələrin 50 %-dən çoxunun ilkin görmə itiliyinin 0.5 və ya daha yaxşı olduğunu, lakin xəstələrin yarıdan çoxunun orta hesabla 3,6 illik müşahidədə demək olar ki, görmə qabiliyyətini tam itirdiyini bildirir. Görmə itkisinin səbəbi adətən xorioidal neovaskulyarizasiya (XNV) ilə nəticələnən makulanın degenerasiyasıdır. Piro və onun əməkdaşları angioid zolaqları olan xəstələrin 86%-nin ən azı bir gözündə XNV olduğunu müəyyən ediblər.
Əvvəllər angioid zolaqları ilə əlaqəli XNV-nin lazer fotokoaqulyasiyası çox uğurlu alınmamışdır. Bəzi tədqiqatlar ekstrafoveal XNV-nin lazer fotokoaqulyasiyası ilə müalicəsindən sonra görmənin sabitləşməsini göstərmişdir. Bununla belə, təkrarlanma nisbəti kifayət qədər yüksəkdir. Profilaktik lazer müalicəsi aparılmamalıdır, çünki bu, yatrogen olaraq XNV-yə səbəb ola bilər. Hətta kiçik bir zədə belə tez-tez makula da qoşulmaqla subretinal qanaxmaya səbəb ola biləcəyi üçün angioid zolaqları olan xəstələr üçün təhlükəsizlik eynəklərindən istifadə edilməlidir. Bundan əlavə, bu xəstələrə təmas idman növləri ilə məşğul olmamaq tövsiyə edilməlidir.