Qlaukoma – Sual 5

Lini Bhatia, M.D.
Teresa C. Chen, M.D.
MEEI

Şəkil

Anamnez

72 yaşlı şəkərli diabetdən əziyyət çəkən qadın görməsinin zəifləməsindən və sağ gözünün qızarmasından şikayət edir. Vis OD-göz önündə əl hərəkəti; vis OS- k/i-0,25. TnOD-40 mm c.st. (Şəkilə bax). Digər gözün ön seqmentinin müayinəsi zamanı sklerozlaşmış nüvə kataraktası aşkar olundu. Sağ gözün qonoiskopiyası zamanı ön kameranın açıq olması və 360º sahədə neovaskulyarizasiya ilə tutulduğu aydın oldu. Sol gözdə isə ön kamera bucağının kirpikli cisimə qədər 360º açıq olduğu aşkarlandı. Göz dibinin gen bəbəkdən müayinəsi zamanı məlum oldu ki, xəstə proliferativ diabetik retinopatiyadan əziyyət çəkir.

Suallar və cavablar
1. Sizin diaqnoz nədir?
Cavab:

Neovaskulyar qlaukoma (NVQ).

2. Bu vəziyyətin patogenezi barədə nə deyə bilərsiniz?
Cavab:

Tor qişanın ağır dərəcəli işemiyası nəticəsində angiogenez faktorlarının hazırlanması stimulə edilir və nəticədə qüzehli qişanın və ön kamera bucağının neovaskulyarizasiyası baş verir. Yeni qan damarları quzehli qişanın və ön kamera bucağının səthini əhatə etdikcə fibrovaskulyar membran formalaşır. Fibrovaskulyar membran ön kamera bucağını tutaraq ikincili açıq bucaqlı qlaukomanın əmələ gəlməsinə səbəb olur. Fibrovaskulyar membran periferik ön sinexiyaların əmələ gəlməsinə və ikincili qapalı bucaqlı qlaukomanın yaranmasına gətirib çıxarır. Qüzehli qişanın səthi boyunca baş verən radial traksiya nəticəsində bəbək kənarındakı piqment qatı dartılaraq uveanın ektropionuna səbəb olur.

3. Hansı mərhələlərdən ibarərtdir?
Cavab:

I mərhələ: Neovaskulyarizasiya qüzehli qişanın səthini, bəbək kənarını və trabekulyar şəbəkəni əhatə edir. Ön kamera bucağı açıqdır, GDT norma hüdudundadır.

II mərhələ: bu mərhələdə I mərhələnin əlmətləri GDT-in artması ilə müşahidə edilir. Ön kamera bucağında fibrovaskulyar toxuma formalaşır. Qonioskopiya zamanı ön kamera bucağı açıqdır və GDT artıb (ikincili açıq bucaqlı qlaukoma).

III mərhələ fibrovaskulyar toxumanın dartılması nəticəsində periferik ön sinexiyalar formalaşır və nəticədə ikincili qapalı bucaqlı qlaukoma əmələ gəlir.

4. Etioloji faktorlar hansılardır?
Cavab:

Diabetik retinopatiya və tor qişanın mərkəzi venasının okkluziyası göz almasının ön seqmentinin neovaskulyarizasiyasının əsas səbəblərindəndir. Digər səbəblərə yuxu arteriyasının okkluziv xəstəlikləri (10-15%), tor qişanın mərkəzi arteriyasının okkluziyası, tor qişanın mərkəzi venasının şaxələrinin okkluziyası, uveitlər, tor qişanın xroniki qopması, intraokulyar şişlər, travma və şüalanma aiddir.

5. Xəstələr hansı müayinələri keçməlidirlər?
Cavab:

Neovaskulyarizasiyanın səbəbi müəyyənləşdirilməlidir. Xəstə terapevtin və oftalmoloqun tam müayinəsindən keçməlidir. Əgər tor qişanın müayinəsi mümkün deyilsə, B-scan ultrasəs müayinəsi həyata keçirilməli və mümkün intraokulyar patologiya təkzib edilməlidir. Flüuressein angioqrafiyanın köməyi ilə tor qişada olan dəyişikliklər qiymətləndirilə bilər. Əgər tor qişada heç bir patoloji dəyişiklik aşkar olunmazsa, o zaman yuxu arteriyalarının vəziyyəti və ürək-damar sistemi müayinə olunmalıdır.

6. Differensial diaqnostika hansı xəstəliklərlə həyata keçirilir?
Cavab:

Cərrahi əməliyyatdan və uveitlərdən sonra qüzehli qişanın damarlarının genəlməsi, psevdoeksfoliativ qlaukoma, qüzehli qişanın essensial atrofiyası, Fuks heteroxrom iridosikliti, kəskin qapalı bucaqlı qlaukoma, yarımçıq doğulmuşların retinopatiyası, karotid-kavernoz fistula və zəif piqmentli qüzehli qişalarda damarların görünməsi ilə differensial diaqnostika həyata keçirilməlidir.

7. Siz bu xəstəni necə müalicə edərdiniz?
Cavab:

Medikamentoz müalicə beta-blokatorların, alfa adrenergik aqonistlərin, karbon anhidrazanın inhibitorlarının, atropin və kortikosteroidlərin istifadəsi ilə həyata keçirilir. Bu xəstəlik zamanı panretinal fotokoaqulyasiya (PRF), anti-VEGF preparatların istifadəsi proliferativ diabetik retinopatiya və ya tor qişanın mərkəzi venasının trombozları zamanı olduğu kimi həyata keçirilir. Krioterapiya tor qişanın vizualizasiyası mümkün olmayan hallarda yerinə yetirilir. Medikamentoz müalicə və PRF-dən effekt əldə olunmazsa, antimetabolitlərin, şunt cərrahiyyəsinin və ya siklodestruksiyanın tətbiqi ilə əməliyyat həyata keçirilə bilər.

Cavablara bax