Tor qişa/Uveitlər – Sual 6

Rosa Y Kim, MD | Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School

Tərcümə etdi: Dr. Firəngiz İbrahimova
e-mail: fibrahimova511@gmail.com

Şəkil 1.

Tor qişanın angiomatozu (von Hippel-Lindau xəstəliyi).

Anamnez

Qoldberq və Koeniq  böyük ölçülü damarlar istisna olmaqla, daha kiçik və orta ölçülü qidalandırıcı arteriolları bağlamaqda (oklyuziya) müvəffəqiyyət əldə etdiklərini qeyd ediblər. Hətta böyük damarlarda ilk əvvəl alınan uğurlu nəticələr də daimi olmurdu. Gass angiomaların müalicəsində qidalandırıcı damarları bağlamaq üçün ilkin cəhdlər olmadan birbaşa lazer  müalicəsindən istifadə etməyi məsləhət görür. 2-2,5 disk diametrindən böyük ölçülü və ya qeyri şəffaf mühitlərdə olan şişlər üçün, şişin yerləşdiyi yeri nəzərə almaqla krioterapiya ümumiyyətlə seçim müalicəsi hesab olunur.

Suallar və cavablar
1. Diaqnoz nədir?
Cavab:

Bu von Hippel-Lindau xəstəliyində tor qişanın angiomatozudur (torlu qişa və beyincik  angiomatozu). Ailədə mərkəzi snir sisteminin hemangioblastomasının mövcudluğu sübut olunduğu təqdirdə, sindrom kompleksinin hər hansı bir əlaməti olan xəstələr də bura aid edilir.

2. Ötürülmə yolu necədir?
Cavab:

Xəstəlik qeyri-müntəzəm penetranlıqla autosom dominant əlamət kimi ötürülür.

3. Bu diaqnozla hansı daxili orqanlar əlaqəlidir?
Cavab:

Xəstəliyə məruz qalmış şəxslərin təxminən 1/4-də böyrək hüceyrəli karsinoma baş verir və müşahidə olunanların  3-10 %-də feoxromositomaya rast gəlindiyi bildirilir. Böyrək və mədəaltı vəzi kistaları da bu xəstəliklə əlaqələndirilir.

4. Bu diaqnozu olan xəstələrdə ölüm səbəbi ən çox nə olur?
Cavab:

Maher və həmkarları tərəfindən diaqnozu qoyulmuş 152 xəstənin 60 %-də ən çox yayılmış ölüm səbəbi beyincik hemangioblastoması hesab olunur.

5. Hansı müalicə üsulları tətbiq olunur?
Cavab:

Diametri 1 diskdən kiçik olan şişlər üçün angioma səthinin birdəfəlik, orta intensivlikli, ardıcıl arqon lazer fotokoaqulyasiyasının çoxsaylı tətbiqlərindən istifadə etməklə müalicəsi ümumilikdə effektivdir.

Cavablara bax