Ümumi oftalmologiya – Sual 11

Yichieh Shiuey, MD | Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School

Tərcümə etdi: Dr. Firəngiz İbrahimova
e-mail: fibrahimova511@gmail.com

Şəkil 1.

Şəkil 1-2. Metal mənşəli yad cisimlə (yad cisim sürətlə uçaraq buynuz qişanı zədələyib) buynuz qişanın kəsilmiş-cırılmış yarası və travmatik kataraktası  olan gəncin yarıqlı lampa fotoşəkilləri. Ona eyni vaxtda buynuz qişanın tamlığının bərpası, fakoemulsifikasiya və arxa kamera şırımına bərkidilmiş  linzanın yerləşdirilməsi əməliyyatları aparıldı. Müraciətdən iki ay sonra onun bu gözündə görmə eynək korreksiyası ilə 1.0 (v) idi.

Şəkil 2.

Suallar və cavablar
1. Metal mənşəli gözdaxili yad cisim şübhəsi olan xəstənin ilkin qiymətləndirilməsində hansı radioloji müayinələr faydalı ola bilər?
Cavab:

Sadə rentgen çəkilişləri gözdaxili metal yad cismin olub-olmamasını aşkar etmək üçün ən yaxşısıdır, lakin dəqiq yerini göstərmir. Həm horizontal, həm də vertikal müstəvilərdə, 1 mm kəsiklərdən istifadə etməklə aparılan kompüter tomoqrafiyası yad cisimlərin dəqiq yerinin təyini  üçün çox informativdir.

2. Açıq göz alması zədəsi olan xəstələrdə infeksiyanın qarşısını almaq üçün nə etmək lazımdır?
Cavab:

Tetanusa qarşı peyvəndlə bağlı aydın sənədləri olmayan, açıq göz alması yaralanması olan bütün xəstələrə tetanus anatoksini vurulmalıdır. Zədə endoftalmitinin profilaktikası üçün sistem şəklində antibiotiklər istifadə olunmalıdır. Massaçusets Göz və Qulaq Klinikasında açıq göz alması zədəsi olan xəstələrə müntəzəm olaraq 48 saat ərzində venadaxili vankomisin və seftazadim təyin edilir. Bu antibiotik basil növləri, qram-müsbət koklar, psevdomonas və digər qram-mənfi bakteriyalara qarşı nəzərdə tutulmuşdur.

3. Zədə kataraktasının ilkin çıxarılması hansı halda düşünülür?
Cavab:

Billur kapsulunun yırtılması nəticəsində əmələ gələn və həlməşik billur kütləsi  ilə əlaqəli olan zədə kataraktaları olarsa, fakoanafilaksiyadan həddindən artıq iltihab riskini azaltmaq üçün açıq göz yaralanmasının birincili işlənməsi zamanı büllur çıxarılmalıdır. Küt zədə nəticəsində yaranmış kataraktada billurun kapsulu bütöv olarsa, adətən ikincili olaraq çıxarılmalıdır.

4. Buynuz qişanın kəsilmiş-cırılmış yarasının eyni vaxtda bərpası, travmatik kataraktanın çıxarılması və arxa kamera İOL-un yerləşdirilməsi nə vaxt nəzərdən keçirilə bilər?
Cavab:

Az saylı hallar göstərdi ki, buynuz qişa kəsiyinin eyni vaxtda bərpası, travmatik kataraktın çıxarılması və arxa kamera İOL-nun qoyulması ilə ən yaxşı nəticə göstərən xəstələr aşağıdakı xüsusiyyətlərə malikdirlər: 1) Arxa seqment zədəsinin olmaması; 2) Təmiz görünən buynuz qişa yarası; 3) Buynuz qişanın kəsilmiş-cırılmış yarasının bərpasından sonra billurun yaxşı  görünməsi; 4) Arxa kamera İOL-un intrakapsulyar və ya şırıma yerləşdirilməsi üçün əlverişli kapsul dəstəyi.

5. Buynuz qişanın kəsilmiş-cırılmış yarasına qoyulmuş tikişlər nə vaxt çıxarılmalıdır?
Cavab:

Görünüş, keratometriya və kompüterləşdirilmiş videokeratoqrafiya əsasında, ilkin işlənmə vaxtından 6-12 həftə sonra tikişlər sökülə bilər.

Cavablara bax